Mixail Sivakov: Qəbələ bu heyətlə hədəflərinə çata bilər
"Qəbələ"nin yarımmüdafiəçisi Mixail Sivakovun azerisport.az saytına müsahibəsi
- "Bakı" üzərində qələbə ilə bağlı nə deyə bilərsiniz?
- İlin ilk rəsmi oyunu idi və burada sərgilənən futbol yox, nəticə daha önəmli idi. Şadam ki, buna da nail olduq. Nəticə var, oyunumuzu da tədricən yaxşılaşdıracağıq.
- Sizi niyə 90-cı dəqiqədə meydana buraxdılar?
- Mən cəmi bir həftə idi komandayla məşq edirdim. Ona görə də tam hazır deyildim. Hər şeyə baş məşqçi qərar verir. O, belə istədi və mən də bunda heç bir problem görmürəm.
- Azərbaycanda gördüklərinizdən razısınız?
- Bəli. "Qəbələ" rəhbərliyinin ciddi planları var. Bu, mənim xoşuma gəlir. "Qəbələ"dən və çox yaxşı tanıdığım Roman Qriqorçukdan təklif gəldi. Təklifi dəyərləndirdim və qərara gəldim ki, hazırda bu, mənim üçün ən yaxşı variantdı.
- Komandanın bu mövsüm üçün nə kimi perspektivləri var?
- Heyətimiz yaxşıdır. "Çernomorets"in bir neçə oyunçusu gəlib. Hesab edirəm ki, hədəflərimizə çata bilərik.
- Amma "Çernomorets"dən gələn oyunçuların hamısı ilə yarım illik müqavilə imzalanıb...
- Bu, artıq komandanın "mətbəx"idir və hər şeyi açıb danışmaq istəməzdim. Hər şeyin öz səbəbləri var. Şəxsən yarım illik müqavilə həm məni, həm də klubu qane etdi.
- Əgər Qriqorçuk komandadan getsə, siz də onunla gedəcəksiniz?
- Gəlin bu barədə danışmayaq. Mövsüm hələ başa çatmayıb. İlk qələbəmizi qazandıq. Bu tempdə də davam etməyə çalışacağıq.
