Aleksey Qay: Bizə rəqiblərin yox, öz oyunumuzu izləməyimiz lazımdır
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qayın azerisport.az saytına müsahibəsi
- "Bakı" üzərində qələbə ilə bağlı nə deyə bilərsiniz?
- Ağır oyun alaındı. İlk hissədə qol vura bilmədik. Amma ikinci yarıda iki dəfə fərqləndik. Şadam ki, yeni komandamla ilk rəsmi oyunumda qələbə qazandım.
- Oyununuz niyə alınmadı?
- Fikrimcə, bu görüşdə oyunumuz alınmasa da, əsas qələbə qazanmağımızdır. Qələbə olandan sonra bütün çətinliklərin öhdəsindən gəlmək olur. Oyunu yaxşı analiz etməliyik. Şübhəsiz ki, növbəti oyunlara qədər öz oyunumuzu daha da yaxşılaşdırmalıyıq.
- Rəqibiniz az qala çempionatın ən zəif komandasıydı. Sizə elə gəlmir ki, daha güclü rəqiblərlə oyunlarda çətin olacaq?
- İlk qələbəmizi ən zəif rəqib üzərində qazanmağımız kimi qələmə vermək istəməzdim. Biz hər oyunda meydana çıxıb baş məşqçimizin bizdən gözlədiyi oyunu sərgiləməliyik. Oynamağı bacarırıq. Fikrimcə, növbəti oyunlarda hər şey daha yaxşı olacaq.
- Öz oyununuzdan razı qaldınız?
- Xeyr. Daha yaxşı oynaya bilərəm.
- Penalti epizodu barədə nə deyə bilərsiniz?
- Top birmənalı şəkildə rəqib futbolçunun əlinə dəymişdi.
- Siz topu bilərəkdən rəqibə vurdunuz?
- Xeyr. Topu onun yanından ötürmək istəyirdim, amma əlinə dəydi.
- İlk üçlükdəki rəqiblərinizdən "İnter"lə "Neftçi" xal itirdilər. Onların oyununu izlədiniz?
- İndi bizə rəqiblərin oyununu yox, öz çıxışımızı izləmək lazımdır. Əgər nəticə qazansaq, rəqiblərimizin oyunlarının nəticəsi heç bir önəm kəsb etməyəcək.
