Reynaldo: Əsas hədəfim Qarabağla növbəti çempionluğu bayram etməkdir
"Qarabağ"ın yarımmüdafiəçisi Reynaldonun azerisport.az saytına müsahibəsi
- Hazırlıq necə gedir?
- Komandada bizi hər şey qane edir. Zədədən sonra optimal formaya qayıtmaq üçün əlimdən gələni edirəm. Yenidən çempion olmaq, komandama fayda vermək istəyirəm.
- Avropa Liqasının qrup mərhələsindəki son oyunlarda iştirak edə bilmədiniz. Həmin dövrdə hansı hissləri keçirdiniz?
- Hər bir oyunu tribunadan izləmişdim. Hamı yaxşı oynamışdı. Qrupdan çıxmağımıza isə hakim səhvi mane oldu.
- Oynadığınız matçlarda çox vaxt ötürmə vermədiyinizə görə azarkeşlər və mətbuat tərəfindən tənqid olunurdunuz. Bu barədə nə deyə bilərsiniz?
- Əgər həmin oyunlarda qol vursaydım, heç kim elə deməzdi. Amma bir şeyi nəzərə almaq lazımdır ki, oyunun gedişində yanında kimin olduğunu dəqiq bilmirsən. Qapıçı ilə üz-üzə qalan futbolçu mübarizədən qalib çıxmağa çalışır. Sadəcə, bu istəyinə həmişə çata bilmir.
- Bu mövsüm neçə qol vurmağı planlaşdırmısınız?
- Əsas hədəf ölkə çempionu olmaqdır. Əlbəttə, çoxlu qol vurmağı da istərdim. Amma əsas məqsəd komandamla çempionluğu bayram etməkdir.
- Vaxtilə Azərbaycanın ən yaxşı legioneri olan Reynaldonun indi geriləməsi nə ilə bağlıdır?
- Mənə elə gəlir ki, oyun səviyyəm aşağı düşməyib. Hələ də qollar vururam. Hətta bir neçə qolum sayılmadı ("Sumqayıt"a vurduğu qolları nəzərdə tutur - red.). Avroliqanın qrup mərhələsində fərqlənə bilmədim. Amma bundan sonra daha çox qol vurmağa çalışacağam.
- Artıq iki ildir Azərbaycanda oynayırsınız. Millimizə dəvət almaq üçün daha üç il burada çıxış etməlisiniz. Gözləyəcəksiniz?
- İlk növbədə "Qarabağ"ın oyunlarına köklənmək istəyirəm. Əgər sonralar yenə məni Azərbaycan yığmasında görmək istəsələr, oynayaram.
- Robert Prosineçki ilə bu barədə söhbətiniz olmayıb?
- Belə bir təklif gəlməyib. Çünki hazırda klubumla təlim-məşq toplanışındayam.
- Neçə il "Qarabağ"da çıxış etməyi düşünürsünüz?
- "Qarabağ" məni isti qəbul etdi. Əgər burada yaxşı oyun sərgiləməyə davam etsəm, niyə də olmasın? Amma bunun üçün öz üzərimdə daha çox çalışmalıyam.
- Öz üzərinizdə təzyiq hiss etmirsiniz?
- Bizim futbolçulardan, məşqçilərdən daha böyük uğurlar gözləyirlər. Biz də azarkeşləri sevindirmək üçün daha yüksək nəticələrə imza atmaq istəyirik.
