Vaqif Cavadov: Boluspor 1,5 illik müqavilə təklif etsə də, mən yarım il olmasını istədim
Azərbaycan yığmasının və Türkiyənin "Boluspor" klubunun futbolçusu Vaqif Cavadov azerisport.com saytının suallarına cavab verib.
- "Qaziantep Böyükşəhər Bələdiyyəspor"dan ayrılmağına səbəb nə oldu?
- Klubun müəyyən problemləri var idi. Amma onlardan narazılığım yoxdur. Qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdik. "Boluspor"a keçməyə problem yaratmadılar. Mən müqavilə şərtlərinə əsasən sona qədər burada oynamaq istəyirdim. Görünür, belə olmalı idi.
- "Boluspor"dan başqa digər klublardan təkliflər var idi?
- Bir neçə klub mənimlə maraqlanırdı. "Boluspor"u seçməyimdə əsas səbəb klubun mənə xüsusi münasibəti oldu. Komandada hər cür şərait var. Burada ümidləri doğruldaraq, komandama kömək etməyə çalışacağam. "Boluspor" yüksək yerlər uğrunda mübarizə aparacaq. Gələcəkdə "Boluspor"un heyətində Super Liqada oynamaq istərdim.
- Türkiyə klublarında maliyyə problemi var. "Boluspor"da da həmin problem özünü göstərə bilər?
- Məhz həmin narahatlığa görə 6 aylıq müqavilə imzaladım. Klub il yarımlıq müqavilə təklif etmişdi. İndiki razılaşmamız 6 ay+1 il hesab olunur. Mövsümün sonunda ilk olaraq "Boluspor" rəhbərliyi ilə danışacağam. Sonra başqa təklifləri dəyərləndirəcəyəm. İstərdim ki, elə "Bolsupor"da qalım.
- Azərbaycan futbolçuları tez-tez klub dəyişməyə öyrəncəlidir. "Qaziantep Böyükşəhər Bələdiyyəspor"dan tez ayrılmağın kluba lazım olmamağınla əlaqələndirilirdi...
- "Qaziantep Böyükşəhər Bələdiyyəspor"dan heç kim lazım olmadığımı deməmişdi. Klubda müəyyən problem var idi və biz onları müzakirə etdik. Mən də qalıb, komandaya kömək etmək istəyirdim. Sadəcə, belə alındı.
- Azərbaycan çempionatının səviyyəsi nisbətən aşağı enib. Ölkədən təklif gəlsə, yenidən milli çempionatda çıxış etmək barədə düşünəcəksən?
- Hazırda Azərbaycana qayıtmaq barədə düşünmürəm. Türkiyədə də vətənimi təmsil edirəm. Burada yaxşı oynamaqla sözümü demək istərdim. Çalışmalıyam digər futbolçulardan seçilim.
- Sizcə, Azərbaycan millisinin futbolçusu üçün aşağı liqada oynamaq geriyə addım sayılmır?
- Türkiyədə aşağı liqada çox güclü rəqabət var. Türk klubları bizim əksər klubların səviyyəsindədir. Heyətdə kifayət qədər güclü futbolçular var. İlk pillələri tutmaq üçün güclü mübarizə gedir. Bütün oyunlarda stadionlarda azarkeşlər olur.
- Fevralda Azərbaycan millisi Antalyada toplanışda olacaq. Martda isə yeni baş məşqçinin rəhbərliyi altında ilk rəsmi oyuna çıxacaqsınız...
- Robert Prosineçki haqda xoş sözlər eşitmişəm. Azərbaycanda olan futbolçular onun hər bir komandayla və futbolçuyla maraqlandığını deyir. Hətta birinci liqa oyunlarına da baxır. Fikrimcə, Prosineçkiylə millimizdə yeni dönəm başlaya bilər.
