Prosineçki: Legionerlər və Neftçinin oyunçuları fevral toplanışına qatılmayacaq
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki izlədiyi "Qarabağ"la İsveçrə "Sürix"i ilə yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyundan razı qaldım. Amma "Qarbağ"ın heyətində kiminsə oyununu xüsusi qeyd etmək istəməzdim. Oyun özü sürətli alındı, nəticə də yaxşıdır. Maksim, Qara, Rəşad və Bədavi diqqətimi çəkdi. Yığma üzvlərinin hamısı yaxşı idi. Rəşad Sadıqov yığmada qalacaq, komandanın kapitanı olacaq".
Xorvatiyalı mütəxəssis millinin fevral toplanışından da söz açıb: "Antalya toplanışında gördüklərimdən razıyam. Fevralda yığmanın da 6 günlük toplanışı olacaq. Amma həmin toplanışda "Neftçi"nin futbolçuları ilə xaricdə oynayan legionerlər olmayacaq. Türkiyədə çıxış edən futbolçuları köməkçilərimin sayəsində diqqətdə saxlayıram. Onlar Vaqifin, Mahirin, Cavidin oyunlarına baxırlar, lazım olan bütün məlumatları mənə çatdırırlar. Oyunçuların yaşı mənim üçün önəm kəsb etmir. Yığmada kim daha yaxşı formamadırsa, həmin futbolçular oynayacaqlar".
