Namiq Ələsgərov: Arzum Qarabağın əsas heyət oyunçusu olmaq və millidə oynamaqdır
"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərovun azerisport.az saytına müsahibəsi
- Komandanızın hazırlıq prosesini necə qiymətləndirə bilərsiniz?
- Hər şey yaxşı gedir. Artıq istirahətdən sonra 10 gündür hazırlıq keçirik. İlk yoxlama oyunumuzdakı məğlubiyyətə baxmayaraq, normal oynadığımızı düşünürəm. Hazırda nəticə bizim üçün önəm kəsb etmir. Baxmayaraq ki, qələbə qazanmaq həmişə xoşdur. Mənə gəlincə, özümü yaxşı tərəfdən göstərməyə çalışıram ki, əsas heyətə düşə bilim.
- Muarem Muaremlə Leroy Corcun bu qış komandadan getməsi gözlənilirdi. Onların başqa klublara keçməsi komandaya təsir edə bilərdi?
- Mənə elə gəlir ki, hə. Onlar klubumuz üçün vacib oyunçulardır. Yaxşı ki, qaldılar.
- Amma onların qalması sizin əsas heyətə düşməyinizi çətinləşdirəcək...
- O da düzdür. Amma mən rəqabətə üstünlük verirəm, nəinki onların getməsi nəticəsində heyətə düşməyə. Rəqabət komanda üçün də faydalıdır.
- Namiq Ələsgərov Leroyla Muaremdən geri qalır?
- Bunu deyə bilmərəm. Kənardan daha yaxşı görünür.
- Azərbaycan millisinin baş məşqçisi sizin oyununuzu bir neçə dəfə qeyd edib...
- Bu barədə oxumuşam və etiraf edim ki, çox sevindim. Çünki hələ indiyə qədər heç vaxt çağırılmadığım millidə oynamaq mənim arzumdur. Ümid edirəm ki, tezliklə bu arzuma çataram.
- Fevralda yığmamızın toplanışı, martda isə rəsmi oyunu var. Dəvət gözləyirsiniz?
- Həmin toplanışlarda yer almaq istərdim. Özümü klubumda yaxşı tərəfdən göstərməyə çalışacağam ki, yığmaya çağırılmağa layiq olduğumu sübut edim.
- "Qarabağ"a keçidinizi karyeranızda ən mühüm addımlardan biri saymaq olar?
- Mən çox yaxşı komandaya gəlmişəm. Ağdam klubu daim avrokuboklarda mübarizə aparır. "Qarabağ"ın Avropa arenasında çıxış etdiyini nəzərə alsaq, burada inkişaf etmək imkanı böyükdür.
- "Bakı"da çıxış edərkən təsəvvür edirdiniz ki, yaxın gələcəkdə Milan "İnter"i kimi komandaya qarşı oynayacaqsınız?
- Hələ uşaqlıqda bu komandanın oyunlarını televizordan izləyərkən də belə bir şeyi təsəvvür edə bilməzdim. Şadam ki, bu pilləyə qədər yüksələ bilmişəm.
- Təəssüf ki, azərbaycanlı perspektivli futbolçular sona kimi özünü göstərə bilmir. Bəs sizin hansı planlarınız var?
- Mən ancaq inkişaf etmək, geriyə addım atmamaq istəyirəm. "Qarabağ"da Qurban Qurbanovun sayəsində şans qazanıram. Son dövrlər daha çox meydanda olurdum. Şəxsi planlarıma gəlincə, klubumda əsas heyət oyunçusu olmaq, Azərbaycan yığmasında oynamaq istəyirəm.
- "Qarabağ"ın sirri nədədir? Bu komandanı "Bakı" ilə müqayisə edə bilərsiniz?
- Burada tam fərqli atmosfer var. "Qarabağ" bir ailə kimidir. Mehriban kollektivimiz var. Amma "Bakı"da hər şeyin pis olduğunu deməzdim. Orada da yaxşı günlərimiz çox olub.
- "Zolaqlılar"ın indiki durumunu görəndə ürəyiniz ağrımır?
- Əlbəttə, xoş deyil. İstərdim ki, "Bakı" özünə gəlsin, maliyyə vəziyyəti yaxşılaşsın. Ümid edirəm ki, bu baş verəcək.
- Çempion olacağınıza inanırsınız?
- İlk çempionluğumu bayram etməyi çox istəyirəm. Buna nail olmaq çətin olacaq. Digər klublar heyətlərini gücləndirirlər. Bizi gərgin oyunlar gözləyir.
