Daniel Subotiç: Azərbaycan millisinə lazım olsam, oynamağa hazıram
"Qəbələ"nin sabiq hücumçusu, hazırda Küveytin "Əl-Kadisiya" klubunun şərəfini qoruyan Danil Subotiçin azerisport.az saytına müsahibəsi
- Küveytdəki işləriniz necə gedir?
- Hər şey yaxşıdır. Düzdür, Küveyt futbolu tamamilə fərqlidir, Azərbaycan və ya Avropa futboluna bənzəmir. Amma bütövlükdə, hər şey yaxşıdır. Mən özüm oynayıram, qollar vururam. Əsas odur ki, komandama kömək edirəm. Etiraf edim ki, burada oynamaq xoşuma gəlir.
- Azərbaycan üçün darıxmırsınız? Təkliflər yoxdur?
- "Qəbələ"dən ayrılarkən əksər Azərbaycan klublarından təklif almışdım. Amma mən karyeramda dəyişiklik etmək istəyirdim. Əlbəttə, maliyyə amili öz rolunu oynadı. "Əl-Kadisiya" mənə daha yüksək məbləğ təklif etdi. Azərbaycanda oynamaq çox xoş idi. Futbol və insanlar xoşuma gəlirdi, "Qəbələ" super klub idi. Əgər Azərbaycanın ciddi klublarından dəvət gəlsə, ora qayıda bilərəm. Çünki artıq bu ölkəyə alışmışam.
- "Qəbələ"ni izləyirsiniz?
- Əlbəttə, izləyirəm. "Qəbələ"də baş verənlərlə maraqlanıram. Orada dostlarım oynayır. Onlarla əlaqə saxlayıram, danışıram. "Qəbələ" Azərbaycanda ən ideal şəraitə malik klublardan biridir. Mən başqa heç bir yerdə elə şərait görməmişəm. Sadəcə, indi onlarda elə vəziyyət yaranıb ki, hər şey alınmır. Gedənlər, gələnlər çox oldu. Bu, böyük problemdir. "Qəbələ"də Lorenzo Ebesilio, Nizami Hacıyev, Yannik Kamanan kimi futbolçular vardı. Artıq yeni baş məşqçi gəlib. Yaxşı mütəxəssisdir, fikrimcə, çox şeyi dəyişəcək. "Qəbələ"nin bu mövsümü altıncı və ya yeddinci yerdə bitirəcəyini düşünürəm. Amma Roman Qriqorçuk gələn mövsüm də komandada qalsa, bu klub yüksək yerlər uğrunda mübarizə aparacaq.
- Siz "Qəbələ"də hər şeyin ürəyinizcə olduğunu desəniz də, getdiniz. Deyilənə görə, siz klubdan maaşınızı 2-3 dəfə artırmağı tələb etmisiz, razılaşmayınca, ayrılmısınız. Elədir?
- Orada məsələ təkcə pulla bağlı deyildi. Düzdü, yaxşı mövsüm keçirmişdim, yenə qalmaq, məvacibimin artırılmasını istəyirdim. Amma bu, gedişimin yeganə səbəbi deyildi. Elə uğurlu mövsümdən sonra əksər futbolçular, baş məşqçi komandadan göndərildi. Köhnə heyətdən tək mən qalmaq istəmədim. Biz də nəyə görə oynayırıq? Dedim ki, qalmağımı istəyirsinizsə, maaşımı artırın. Klub isə buna getmədi. "Əl-Kadisiya" isə daha çox pul təklif edirdi.
- "Qəbələ" hələ də sabit hücumçu tapa bilməyib. Sizi əvəz edəcək oyunçu tapılmır...
- Ötən mövsüm şəxsən mənim üçün uğurlu oldu. Mümkündü ki, karyeramın ən uğurlu ili "Qəbələ"də keçib. Sizə bu barədə nə deyəcəyimi də bilmirəm (gülür). Görünür, necə oynamışamsa, məndən sonra gələnlər elə çıxış edə bilmirlər. Azərbaycanda yaxşı hücumçular çoxdur. Əlbəttə, "Qarabağ"dakı Reynaldonu da unutmaq olmaz.
- Azərbaycandakı hansı oyun daha çox yadınızda qalıb?
- Elə oyunlar çoxdur. Ən gözəl qolumu məhz Azərbaycanda vurmuşam. "İnter"in qapısına təxminən 30-35 metrdən vurduğum qolu nəzərdə tuturam. Yaddaqlan məqamlar çoxdur. Amma həmin görüş daha çox yadımda qalıb.
- Sizin o vaxtlar Azərbaycan yığmasında oynayacağınız da bildirilirdi...
- Elə bir şans var idi. Məndən Azərbaycan yığmasında oynaya biləcəyimi soruşdular. Mən də dedim ki, məmnuniyyətlə qəbul edərəm. Amma sonradan ciddi heç bir addım atılmadı. Hətta indi də elə bir təklif alsam, elə günü sabah Azərbaycana gələrəm, oynayaram.
- Yığmamıza yeni baş məşqçi təyin olunub. Robert Prosineçkini tanıyırsınız?
- Şəxsən tanış deyiləm. Amma onu tanıyan dostlarım deyirlər ki, yaxşı məşqçidir. İnsan kimi də yaxşı olduğunu deyirlər. Prosineçki oyunçularla dil tapmağı bacarır. Fikrimcə, o, Azərbaycan yığmasına faydalı ola biləcək. Yığmanıza mənim kimi hücumçu lazım olacağı halda isə mən həmişə hazıram.
