Protasov: Azərbaycanda çalışmağın əleyhinə olmararam
Rumıniyanın "Astra" klubunun baş məşqçisi Oleq Protasovun azerisport.az saytına müsahibəsi
- Öncə həmyerliniz Roman Qriqorçukun "Qəbələ"yə baş məşqçi təyin olunmasına münasibətinizi bilmək istərdik. Sizcə, o, bu komandada uğur qazana biləcək?
- Onun "Qəbələ"yə təyinatından xəbərim var, amma Qriqorçukla xüsusi tanışlığım yoxdur. Nə vaxtsa bir oyunda görmüşəm. O, Ukrayna məşqçilərinin yeni nəslindəndir. Özünü "Çernomorets"də göstərdi. Bu üzdən yeni komandasında hansı nəticəni qazanacağını proqnozlaşdırmaq çətindir.
- Qriqorçuk "Qəbələ"yə "Çernomorets"dən 3 ukraynalı futbolçu da gətirib...
- Bu barədə də eşitmişəm. O, keçmiş futbolçularının yeni komandasında da köməyinə ümid edir. Amma bu, həmişə alınmır. Hər şey təcrübədən irəli gəlir.
- Ukraynalı mütəxəssislərin ölkədən qaçması çətin şərtlərlə bağlıdır, yoxsa xaricdə daha yaxşı maliyyə şərtlərinin olması ilə?
- Kimə harada rahatdırsa, ora qaçır. Mən eşitmişəm ki, Azərbaycan çempionatı "pulludur".
- Sirr deyilsə, kimdən eşitmisiniz?
- Yuri Syomin Azərbaycanda işləyərkən elə yazmışdılar. Əvvəllər sizin ölkədə Demyanenko çalışmışdı, o da elə sözlər demişdi. Yeri gəlmişkən, bir dəfə mənə də hansısa Azərbaycan klubundan təklif gəlmişdi, amma menecerimlə danışıqlar uğurlu alınmadı. Həmin danışıqların niyə alınmadığını dəqiq bilmirəm. Amma Azərbaycanda çalışmağın əleyhinə olmazdım.
- "Astra"nı qarşıdakı günlərdə "Simurq"la yoxlama oyunu gözləyir. Bu klub barədə məlumatınız var?
- Hazırda yox. Amma oyundan bir gün öncə hər şeyi öyrənməyə çalışacağam. Düzünü deyim ki, bu toplanışdakı oyunlarımızın nəticəsi mənim üçün heç bir əhəmiyyət kəsb etmir. İlk növbədə futbolçularımın fiziki cəhətdən hazır olmasına çalışıram.
- Sizin "Astra" kimi, Azərbaycan çempionu "Qarabağ" da Avroliqanın pley-off mərhələsinə vəsiqə qazana bilmədi. Yeri gəlmişkən, siz Azərbaycan klubunun İtaliya "İnter"i ilə qarşılaşdığı oyunda necə hakim ədalətsizliyinə məruz qalmasından xəbərdarsınız?
- Əgər siz son saniyələrdəki qolu nəzərdə tutursunuzsa, ona bir neçə dəfə baxmışam. Əlbəttə, o, təmiz qol idi. Təəssüf ki, hakim elə qərar verdi. Həmin oyunun icmalına da baxmışdım. Sizin legionerlərin çıxışından çox razı qalmışdım, sürətli oyunçulardı.
- Aydın məsələdi ki, siz Azərbaycan futbolu barədə çox az bilirsiniz. Amma Robert Prosineçkinin yığma komandamıza baş məşqçi təyin olunmasına da münasibətinizi bilmək istərdik.
- Foqts getdi?
- Bəli, o, yığmamızı noyabrda tərk etdi, yerinə də Prosineçki gətirildi...
- Federasiya belə bir seçim edibsə, deməli, Prosineçkiyə inanırlar.
