Cihan Özkara: Yığmamızın Prosineçkiyə tapşırıldığını eşidəndə çox sevindim
Azərbaycan yığmasının və Türkiyənin "Sivasspor" klubunun hücumçusu Cihan Özkaranın azerisport.az saytına müsahibəsi
- "Sivasspor" doğrudan da sizdən imtina edib?
- Bu, düz deyil. Mən "Sivasspor"un futbolçusuyam. Mənim bu klubla 2017-ci ilədək müqaviləm var.
- Yəni komandada qalacaqsınız?
- Xeyr, "Sivasspor"da qalmayacağam. Çünki yeni baş məşqçi Sərgən Yalçın mənə dedi ki, bu mövsüm meydana çıxmaq imkanım olmayacaq. Mənə icarə əsasında başqa kluba yollanmağı təklif etdilər. Yaya kimi oyun təcrübəsi qazana biləcəyim komanda tapmalıyam. Klub rəhbərliyi əmin etdi ki, məni satmayacaqlar.
- Bəs hansı kluba yollanmağı düşünürsünüz?
- Bütün işlərimlə menecerim məşğul olur. O, hazırda mənə yeni komanda axtarır.
- Azərbaycan Premyer Liqasında oynayarsınız?
- Əgər yaxşı təklif olsa, Azərbaycan çempionatında da oynayaram.
- Yığmamızın yeni məşqçilər korpusundan sizinlə əlaqə saxlayan olub?
- Xeyr, hələ onlardan heç kim mənimlə əlaqə saxlamayıb.
- Son dövrlərə qədər "Kayserispor"da işləmiş Robert Prosineçkini tanıyırsınız?
- Bəli, bir liqada mübarizə aparmışıq. Onun yaxşı məşqçi olduğunu bilirəm. Komandamızın məhz xorvatiyalı mütəxəssisə tapşırıldığını eşidəndə çox sevindim. Ümid edirəm ki, Prosineçkinin rəhbərliyi altında daha yaxşı oynayıb, müsbət nəticələr qazanacağıq.
