"Prosineçkidən möcüzə gözləməyin"
Xorvatiyanın "Split" klubunun baş məşqçisi Zoran Vuliç Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra öncə bunları söyləyib:
"Birinci hissədə rəqibdən daha yaxşı təsir bağışladıq, qol da vura bildik. Amma "Qarabağ"ın meydanda əvəzedicilərdən ibarət heyətlə oynadığı diqqətimi çəkdi. İkinci hissədə isə əsas heyətlə oynadılar. Məhz bu zaman Azərbaycan klubunun gücü hiss olunmağa başladı. Biz də gəncləri buraxmışdıq. Amma qollar vurmağı bacardıq".
"Qarabağ" Avropa səviyyəli ciddi klubdur. Yaxşı komandadır. Həm də unutmayaq ki, bu, sadəcə, bir yoxlama oyunu idi. Bunu rəsmi oyunlarla müqayisə etmək olmaz".
53 yaşlı xorvatiyalı mütəxəssis həmyerlisi Robert Prosineçkinin Azərbaycan millisinin baş məşqçisi təyin olunmasına da münasibət bildirib: "Prosineçki ilə birgə oynamışam. O, əla futbolçu olub. Bu gün də yaxşı məşqçidir. Azərbaycan yığmasında uğur qazana bilər. İnanıram ki, o, komandasını qarşıdakı oyunlara yaxşı hazırlaya biləcək".
Vuliç "Prosineçkidən nə gözləyək" sualına isə belə cavab verdi: "Ondan AÇ-2016-nın seçmə mərhələsində möcüzə gözləməyin. Azərbaycan bu tsiklə çox uğursuz başlayıb. Hər bir iş müəyyən vaxt alır".
