Ruslan Fomin: Bu qədər Ruslanla heç bir komandada oynamamışdım
"Qəbələ"nin yeni hücumçusu Ruslan Fominin azerisport.az saytına müsahibəsi
- "Qəbələ"yə keçidiniz barədə nə deyə bilərsiniz?
- Belə bir kluba, onun azarkeşlərinə qoşulduğuma görə şadam. Azərbaycan mənim üçün yeni ölkədir. Çalışacağam ki, bu ölkəyə uyğunlaşım. Müqavilə imzaladığım üçün sevinirəm.
- Artıq bir neçə gündür komandadasınız, amma yalnız bu gün müqavilə imzaladınız...
- Əvvəlki klubum "Çernomorets"lə bəzi məsələləri yoluna qoymaq lazım idi. Amma hər şey istədiyimiz kimi sürətli alındı. Müqavilə kağızımı faksla alan kimi, dərhal "Qəbələ" ilə münasibətləri rəsmiləşdirdik.
- Ukrayna klubuna kompensasiyanı siz ödədiniz, ya "Qəbələ"?
- "Qəbələ"yə azad agent kimi keçdim. Keçmiş klubumun maliyyə durumu o qədər də yaxşı deyildi. Biz qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq.
- Müqavilə niyə yarım illikdir?
- Mənə yeni klubuma, ölkəyə alışmaq, hər şeyi anlamaq üçün zaman lazımdır. Çünki burada mənim üçün hər şey yenidir. Əgər hər şey yaxşı olsa, yayda yenidən müqavilə bağlaya bilərik.
- Bəs yayda sizi Ukraynaya da çağırsalar, onda necə olacaq?
- Əgər klubla, azarkeşlərlə gözəl münasibətim olsa, işlərim yaxşı getsə, heç bir yerə getmərəm.
- Yeni komandanız xoşunuza gəlir?
- Hələ ki, gördüklərim müsbət emosiya yaradır. İlk gündən mənə qarşı münasibətləri diqqətimi çəkdi. Dərhal hiss olunur ki, azərbaycanlılar qonaqpərvər insanlardır. Məni heç biri tanımasa da, yaxşı qəbul etdilər. Tanış olmağa başladım və gördüm ki, burada çoxlu Ruslan var.
- Yeri gəlmişkən, siz dördünüsünüz...
- Qorxulu heç nə yoxdur (gülür). Buna pozitiv baxıram. Ümumiyyətlə, maraqlı və şən kollektivdir. Bu kollektivlə nəticə qazanmaq olar.
- Yəqin ki, bu qədər "Ruslan" sözünü eşitməyə alışıq deyilsiniz...
- Bu qədər Ruslan oynadığım komandaların heç birində olmamışdı. Maksimum iki Ruslan olmuşduq. Məşqlərdə məşqçilər Ruslan deyən kimi dərhal dönüb baxıram.
- Yəqin ki, "Çernomorets"in az qala yarısının "Qəbələ"yə gəlməsi ürəyinizcədir?
- Elə də çox deyil: üç futbolçu və məşqçilər korpusu. Əgər mən tək olsaydım, onda doğrudan da çətin olardı. Çünki mən Azərbaycanı tanımıram və burada özümü necə aparacağımı bilmirəm. Amma tanış uşaqlarla birgə hər şey daha asan olmalıdır.
- Komanda ilə hədəfləriniz məlumdur. Bəs şəxsi olaraq hansı hədəfiniz var?
- Hadisələri qabaqlamağı xoşlamıram. Zaman göstərəcək. Əsas formamı bərpa edib, komandaya kömək etməkdir.
