Elbrus Məmmədov: Maya kimi heç bir transfer olmayacaq
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədovun azerisport.az saytına müsahibəsi
- Komandanızın hazırlığı necə gedir?
- Hazırda fiziki hazırlığa daha çox üstünlük veririk. Qış fasiləsindən sonrakı ilk oyunadək tam hazır olmaq istəyirik. Komandamız gənclərdən qurulub. Bu mövsüm onların potensialını açmağa çalışacağıq. Bunun üzərində işləyirik.
- Komandanız artıq iki yoxlama oyunu keçirib. Türkiyə "Təkirdağspor"u ilə sülh bağlamısınız (2:2), Almaniya "Kemnitser"inə uduzmusunuz (0:2). Bu oyunlardakı çıxışınızı necə qiymətləndirə bilərsiniz?
- Bu oyunlar bizim üçün məşq xarakteri daşıyırdı. Həmin görüşlər bizim məşq planımıza daxil idi. Nəticənin bizim üçün vacib olmadığını demək artıq olardı. Biz sadəcə, oyundan oyuna əsas heyəti formalaşdırmağa çalışırıq.
- Komandada yeni futbolçuların peyda olması mümkündür?
- Maya kimi heç bir transfer olmayacaq.
- Əksəriyyət belə hesab edir ki, "Xəzər Lənkəran" heç turnir cədvəlindəki beşinci pillədəki mövqeyini də qoruya bilməyəcək. Bəs siz necə düşünürsünüz?
- Bunu zaman göstərəcək. Biz bütün rəqiblərimizlə rəqabət apara biləcək komanda formalaşdırmağa çalışırıq. Gənclərə üstünlük verməyimiz arxayınlaşmağa əsas vermir. Bizim də öz hədəflərimiz var.
- Əsas komanda üzvlərindən bəzilərinin heyətdə qalması işinizi asanlaşdıra bilər?
- Asanlaşdıracağını düşünürəm. Əlbəttə, onlar mənim istəyimlə qalmayıblar. Hər şeyə məndən öncə qərar verilmişdi. Qalan futbolçular klub rəhbərliyinin bəzi şərtlərini qəbul edənlərdir.
- XL rəhbərliyi qarşınıza hansı vəzifəni qoyub?
- İkinci komandadan gələn futbolçular arasından daha çox yaxşı oyunçuları üzə çıxarmaq.
- Bəs turnir cədvəli baxımından?
- Heç bir vəzifə qoyulmayıb.
- Bəs komanda sonuncu pilləyə qədər geriləsə, nə olacaq?
- Əsas hədəfimiz növbəti mövsümlərdə komandaya kömək edə biləcək 3-6 yaxşı futbolçu kəşf etməkdir.
