Dmitri Bezotosnı: Kamran Ağayev adlı qapıçı haqda heç vaxt eşitməmişəm
"Qəbələ"nin yeni qapıçısı Dmitri Bezotosnının azerisport.az saytına müsahibəsi
- "Qəbələ"yə keçidiniz barədə nə deyə bilərsiniz?
- İddialı, qarşısına böyük hədəflər qoymuş komandaya keçmişəm. Bu, xoşuma gəlir. Yeni komandama yardımçı olmaq üçün bütün gücümü qoyacağam. Roman Qriqorçukla "Çernomorets"də də birgə çalışmışam. Onun necə iddialı olduğunu yaxşı bilirəm. Yenidən bu mütəxəssislə birgə çalışmaq mənə xoş olacaq.
- Bəs yeni klubunuzun iddiaları barədə nə deyə bilərsiniz?
- Mənə dedilər ki, komanda Avropa Liqasında oynamalıdır. "Çernomorets"lə bu turnirdə oynamışam və bunun necə xoş olduğunu gözəl bilirəm. "Qəbələ" ilə də Avroliqada oynamağı çox istərdim.
- "Çernomorets"dən "Qəbələ"yə gələn ilk futbolçu deyilsiniz. Bunu Qriqorçuk amili ilə bağlamaq lazımdır, yoxsa Odessada hər şey o dərəcədə pisdir?
- Bu məşqçilər korpusu ilə işləmək çox xoşdur. Amma "Çernomorets"dəki qeyri-sabitliyin də öz rolu oldu. Bu üzdən də özümə yeni klub axtarmalı oldum. Baş məşqçi zəng etdi və dəvət göndərdi. Ölkədən kənarda oynamaq mənə maraqlı gəldi.
- Kamran Ağayev barədə əvvəllər nəsə eşitmişdiniz?
- Düzünü desəm, yox.
- İndi də onu tanımırsınız?
- Mən belə başa düşdüm ki, siz "Qəbələ"nin kapitanından danışırsınız.
- O, həm də Azərbaycan yığmasının qapıçısıdır...
- Rəqabət heç kimə mane olmur. Mən özü üzərimdə, o da öz üzərində çalışacaq. Qərarı isə məşqçilər korpusu qəbul edəcək.
- Yəqin ki, sizi bura ikinci qapıçı kimi dəvət etməyiblər...
- Məni hansı məqsədlə dəvət etdiklərini deyə bilmərəm. Məşqçimiz nəticə qazanmaq istəyir və yəqin ki, qapıya daha hazırlıqlı olanı qoyacaq. Yeri gəlmişkən, "Çernomorets"də kapitan mən idim. Rəqabət aparacağıq.
- Azərbaycan çempionatı barədə nə bilirsiniz?
- Çempionatınızı heç vaxt izləməmişəm. Yalnız Roman Qriqorçuk "Qəbələ"nin baş məşqçisi təyin olunacağı barədə xəbərlər yayılandan sonra maraqlanmağa başladım. Baş məşqçimizin hara getdiyini bilmək maraqlı idi. Əminəm ki, tezliklə bu turnirlə bağlı daha geniş məlumatım olacaq.
- Niyə sadəcə, yarım illik müqavilə imzaladınız? Axı baş məşqçinizin müqaviləsi ilyarımlıqdır...
- Hər şey qarşılıqlı razılıq əsasında gerçəkləşdi. İndiki məqamda nə mən, nə də klub uzunmüddətli əməkdaşlıq istəyir. Əgər hər şey yaxşı olsa, mövsümün sonunda müqavilənin müddətini uzada bilərik. Bu, klub üçün də sərfəlidir. Çünki "Qəbələ"yə uyğun gəlməyə bilərəm.
