Elxan Abdullayev: Heç kimə yığmada oynayacağına dair zəmanət verilməyib
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi
- "Qəbələ"nin "Əskişəhərspor"la oyununu izlədiniz. Necə oyun oldu?
- Əlbəttə, Türkiyə Super Liqasında çıxış edən komandaya qarşı mübarizə aparmaq çətindir. Amma "Qəbələ" bütövlükdə pis təsir bağışlamadı. Maraqlandığım futbolçular arasında Tellur Mütəllimovu qeyd edərdim. Pis çıxış etmədi. Yaşar Vahabzadəyə onu gənclərdən ibarət milli komandamıza cəlb etməyi məsləhət görmək istəyirəm.
- Türkiyədəki iş prosesiniz necədir?
- Öz işimizlə məşğuluq. Yanvarın 9-dan müəyyənləşdirilmiş plan üzrə çalışırıq. Hər birimiz baş məşqçinin göstərişlərinə əsasən işləyirik. Klublarımız hələ hazırlıq prosesinin başlanğıcındadırlar. Bəzi komandalar hətta ilk yoxlama oyunu keçirir. Ona görə də hələ oyunçular barədə konkret nəticə çıxarmaq çox tezdir. Azərbaycan yığmasına bütün potensial namizədlərlə maraqlanırıq. Namizəd həmin futbolçular sayılır ki, onların Azərbaycan pasportu var. İmkan daxilində klubların hər bir məşqini, oyununu izləməyə çalışırıq. Məşqçilər korpusumuz genişdir və ona görə də hər oyuna bəzən qrup halında gedirik. Axşamlar isə oturub müzakirələr aparırıq, baş məşqçiyə informasiya veririk.
- Yəqin ki, yığmadan kənarda qaldığınız dövrdə də millidə oynamasını istədiyiniz futbolçular var idi. Onları sizin dövrünüzdə əsas komandada görə biləcəyik?
- Əlbəttə, elə futbolçular var idi, indi də var. Konkret ad çəkmək istəmirəm. Amma elə oyunçular var ki, onlara şans vermək lazımdır. Hər şey oyunçuların özlərindən asılı olacaq. Əgər hansısa futbolçu bir oyunda yaxşı çıxış etdisə, onun sabah millidə olacağını demək olmaz. İlk növbədə sabit oyun sərgiləmək lazımdır.
- Heyətdə Berti Foqtsun dövrü ilə müqayisədə çox dəyişiklik olacaq?
- Hər şey futbolçulardan asılıdır. Əvəzedilməz futbolçu yoxdur. Heç kimə də sabah yığmada olacağına dair zəmanət verilməyib. Biz bu gün üçün ən yaxşı səviyyədə olanları seçəcəyik.
- Prosineçki açıqlamalarından birində yığmada gəncləşdirmə siyasəti aparacağını bildirmişdi...
- Onun bunu kardinal şəkildə və ya tədricən həyata keçirəcəyini bilmirəm. Yəqin ki, oyunları izlərkən diqqətini çəkən bəzi gənclər var və onları millidə görmək istəyir. Hər halda fevral toplanışı zamanı yığmaya kimlərin çağırıldığını hər kəs görəcək.
- Yəqin ki, Eddi İsrafilovun çıxışını izləmisiniz. Sizcə, Azərbaycanda ondan güclü yarımmüdafiəçi var?
- İsrafilovun La Liqada oynaması çox şeydən xəbər verir. İndiyə qədər bizim futbolçulardan yalnız Vəli Qasımov İspaniyada oynaya bilib. "Qranada" La Liqanın favoritlərindən deyil. Amma bu çempionatda zəif futbolçu olduğunu da demək olmaz. Onun burada necə oynayacağını tezliklə görəcəyik. Düşünmürəm ki, İspaniyada oynadığına görə millidə hansısa imtiyaz hüququ qazansın. O, sadəcə yığmanın üzvlərindən biri olacaq.
