Vüqar Nadirov: UEFA-nın fevralın 5-də bizim lehimizə qərar qəbul edəcəyinə ümidliyəm
Azərbaycan yığmasının və "Qarabağ"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
- Antalya toplanışına necə başlamısınız?
- Normal demək olar. İstirahət zamanı çəkim artmayıb. Çempionat yenilənənə kimi yaxşı forma toplaya biləcəyəm.
- Yeni ili harada qeyd etdiniz?
- Ailəmlə İstanbulda oldum. Həm istirahət, həm də məşq etdim.
- İstirahət dekabrda baş verənləri unutmağa kömək etdi?
- Qismən.
- Milan "İnter"i ilə oyunu hələ də xatırlayırsınız?
- Əlbəttə. Həm də necə zədələndiyimi. Baş verənləri qəbul etdiyimi deyə bilmərəm. Ola bilər ki, UEFA fevralın 5-də bizim lehimizə qərar qəbul etsin. Ümidimi üzmürəm.
- Siz doğrudan "Qarabağ"ın "Dnepr"i Avroliqada əvəz edəcəyini düşünürsünüz?
- Sadəcə, buna ümid edirəm.
- "Xəzər Lənkəran"ın büdcəsini azaltması, heyətini gəncləşdirməsi çempionatdakı rəqabətə təsir edə bilər?
- "Bakı" da eyni aqibəti yaşamışdı. Amma gənclərin ümidinə qalmasına baxmayaraq, onların hər rəqibə qarşı necə döyüşdüyünü hamımız görmüşük.
- "Qarabağ"ın çempionluq yolundakı əsas rəqibləri "İnter"lə "Neftçi"dir?
- "İnter", "Qəbələ", "Xəzər Lənkəran", "Neftçi"... Hər biriylə oynamaq çətin olacaq. Bizi çətin oyunlar gözləyir. İndi onlar heyətlərini gücləndirməyə çalışırlar. Bizim hazırda onları 5 xal qabaqlamağımız arxayınlaşmağa əsas vermir.
- Qarşınıza hansısa şəxsi hədəflər qoymusunuz?
- Ötən ildəkindən daha yaxşı çıxış etməyi. Sabit çıxış etmək və zədədən uzaq qalmaq istəyirəm. Hər oyunda qol vurmaq istəyirəm. Bu, alınmayanda özümü pis his edirəm. Bütövlükdə isə qol ötürməsi etməyi daha çox sevirəm.
- "Sent-Etyen"in qapısına vurduğunuz qolu karyeranızın ən yaxşısı saymaq olar?
- Əlbəttə.
- Azərbaycan yığmasının heyətində 2007-ci ildə Qazaxıstana vurduğunuz qol da ondan geri qalır?
- Bəli.
- Yığmaya keçək. Robert Prosineçkidən nə gözləyirsiniz?
- Prosineçki ilə kiçik söhbətim olub. Mənim vəziyyətimlə maraqlandı. Məni diqqətdə saxladığını bildirdi ki, bu da xoşuma gəlir. Milliyə çağırsa, əlimdən gələni edəcəyəm.
- Prosineçki futbolçu kimi Avropa futbolunda böyük iz qoyub. Onu meydanda görmüsünüz?
- Onun futbol oynadığı dövrdə mən uşaq idim. İspaniya nəhənglərində oynadığını bilirəm. Məşqçi kimi isə gəncdir və özünü göstərmək istəyir. Özü də bəyan edib ki, hücum futbolunu sevir və millimizdə də belə oyuna üstünlük verəcək. Onun ideyalarını dəstəkləyirəm.
