Bernard Lippert: Qarayevi 19 yaşında görən kimi onun əsas millidə oynayacağını demişdim
AFFA-nın texniki direktoru Bernard Lippert bəyan edib ki, U-19 yığmamızın üzvləri hələ əsas millimizdə oynamağa hazır deyillər. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamızın Valentin Qranatkinin xatirə turnirindəki çıxışını diqqətlə izləyirəm və özüm üçün qeydlər etmişəm. İlk növbədə onu qeyd etməliyəm ki, komanda üzvləri qol buraxan kimi dərhal hücum etməyə çalışır. Əvəzində onlar öz qapılarında növbəti qolu görürlər. İkincisi, komandada liderliyi öz üzərində götürə biləcək futbolçu yoxdur. 7 ildir Azərbaycandayam və hələ də başa düşə bilmirəm ki, gənclərdən ibarət komandalardakı bu problem nədən qaynaqlanır. Ola bilər ki, bunda mentalitetin rolu var. Hələ ki, heyətdə əsas komandaya məsləhət bildiyim futbolçu yoxdur. Amma 3-4 oyunçu var ki, onlar gələcəkdə buna iddia edə bilərlər. Yadımdadır ki, Qara Qarayevi 19 yaşında görən kimi, onun əsas millidə oynayacağını demişdim. O, pula, populyarlığa diqqət yetirmir".
U-21-in sabiq baş məşqçisi onun yerinə gətirilən Yaşar Vahabzadənin təyinatına da toxunub: "Vahabzadəyə çox çətin olacaq. Onunla birgə işləmişəm. Bu seçimi də düzgün hesab edirəm. Mən də onun təyinatının tərəfdarı idim. Artıq 15 ildir AFFA-da çalışır".
