Qriqorçuk: Bilyaletdinovun Abışov barədə fikirlərini şərh etməkdə məna görmürəm
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun azerisport.az saytına müsahibəsi
- Hollandiya PSV-sinin ikinci komandasına qarşı oyunu necə şərh edərdiniz?
- Fevralın 1-dək hələ bir söz deyə bilmərəm. Mən ümumiyyətlə, az danışmaq, çox çalışmaq istəyirəm. Görüləcək işlərdən də çox danışmaq fikrim yoxdur. Sadəcə, onu deyə bilərəm ki, işlərimiz davam edir. Uşaqlar çalışırlar. Bu, məşq xarakterli oyun idi və çox faydalı alındı. Xeyli informasiya əldə etdim ki, işin gedişində onları nəzərə alacağam.
- "Qəbələ" ilk rəsmi oyunadək hazır ola biləcək?
- Hadisələri qabaqlamaq istəməzdim. Ümumiyyətlə, bu sual mənə qəribə görünür. Komanda hazır olmalıdır. Görüləcək işlər çox olsa da, bunları ilk rəsmi oyunadək tamamlamağımız lazımdır. Üçüncü dövrənin ilk matçından 3 xalla ayrılmalıyıq. Turnir cədvəlindəki mövqeyimiz elədir ki, hər oyunda qələbəyə çalışmalıyıq.
- Rəşad Sadiqov və Aleksey Qayı transfer etmisiz. Onlar haqda nə deyə bilərsiniz?
- Təcrübəli oyunçulardılar. Onları kluba dəvət edəndə səviyyələrinə heç bir şübhəmiz yox idi.
- Yenə transfer edəcəksiniz?
- Buna ehtiyac var. Qarşıya qoyulan hədəflərə çatmaq üçün komandanın güclənməsi lazımdır.
- Ukrayna mətbuatına inansaq, Qayın ardınca "Çernomorets"in daha bir neçə oyunçusu "Qəbələ"yə keçməlidir...
- Qarşıda nələr olacağını deyə bilmərəm. Yalnız komandaya qoşulan futbolçular barədə danışa bilərəm. Bizim maraqlandığımız futbolçular çoxdur. Hər dəfə bu barədə danışmağın mənası yoxdur.
- Ukrayna mətbuatı haqqınızda çox yazır və demək olar ki, hamısı Azərbaycana gəlməyinizlə razılaşmır...
- Həyatda çox fərqli vəziyyətlərlə üzləşirsən. Çoxlu məqamlar var ki, onları nəzərə almaq lazımdır. Elə vəziyyət yaranmışdı ki, "Qəbələ"yə keçməliydim. Bu qərarımdan razıyam və komandamla uğur qazanmaq istəyirəm.
- Premyer Liqa klublarının əksəri Azərbaycan yığmasının məşqçilər korpusu ilə əlaqəli iş qurmağa çalışır. Bəs siz bu yöndə işinizi necə quracaqsınız?
- Ötən gün baş məşqçinin köməkçisi ilə görüşdüm. Mən onlara da dedim ki, əməkdaşlıq etməyə hazıram. Mən də istərdim ki, klubumuzun daha çox üzvü Azərbaycan yığmasında oynasın.
- Ruslan Abışovla bundan sonra da əməkdaşlıq etməkdə maraqlısınız?
- Əlbəttə. O, bizə lazımlı futbolçudur. Onu bundan sonra da komandamda görmək istərdim.
- Rusiyanın "Rubin" klubunun baş məşqçisi Rinat Bilyaletdinov bəyan edib ki, Abışov çox ləng futbolçudur və bu üzdən onun komandaya dönməsini istəmir...
- Kazanlıların baş məşqçisinin sözlərinə şərh vermək istəməzdim. Hər bir məşqçinin öz fikrini söyləmək hüququ var. O, öz düşüncələrini deyib. Mən buna şərh verməkdə məna görmürəm. Yalnız onu deyə bilərəm ki, Abışova bizə lazımlı futbolçudur.
