Nikolay Adam: Azərbaycan yığması ən yaxşı göstəricisinə imza atmaq istəyir
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Nikolay Adam Valentin Qranatkinin xatirə turnirində Cənubi Koreya ilə oyundan (0:3) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
- Bu, çox qısa müddət ərzində dördüncü oyunumuz idi. Ona görə də bütün uşaqlarda yorğunluq hiss olunurdu. İkinci hissədə daha ağır oldu, çünki ümumiyyətlə gücümüz azalmışdı. Amma hər şeyə rəğmən mən komandama təşəkkürümü bildirirəm və onlarla fəxr edirəm. Futbolçular turnirdə 5-ci yeri tutmaq üçün də əllərindən gələn hər şeyi edəcəklər. Belə bir nəticə qazansaq, bu, Azərbaycanın Qranatkin turnirindəki ən yaxşı göstəricisi ola bilər. Düzdü, bir dəfə beşinci yeri qazansaq da, o zaman komandaların cəmi sayı 8 idi. İndi isə daha çox iştirakçı var. İlk beşliyə düşə bilsək, çox razı qalarıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Azərbaycan yığması Qranatkin turnirində heç vaxt bir mövsümdə iki qələbə qazana bilməmişdi. Bunu oyunun əsas vaxtı ərzində qazanılan qələbələrə aid edirəm. Bu dəfə isə biz buna nail olmuşuq. Üçüncünü də qazansaq, daha çox sevinərik. Çünki bu, bizə beşinci yeri qazandıracaq.
- Oyunun gedişində tez-tez futbolçuların yerlərini dəyişirdiniz, əvəzləmə edirdiniz. Bütün bunlar nə ilə bağlı idi?
- Bu dəyişikliklərlə təkcə oyunun gedişini dəyişməyə yox, həm də futbolçuları müxtəlif mövqelərdə yoxlama çalışırdıq. Elnur Cəfərov çox yorulmuşdu. Ona görə ikinci hissədə onu hücumun mərkəzinə keçirdim. Orada cinahlara nisbətən daha az güc sərf etmək lazım gəlir.
- Bu yorğunluq təkcə futbolçulara yox, deyəsən, Azərbaycan yığmasının məşqçilərinə də təsir etmişdi...
- Xeyr, mənim yetərincə gücüm var idi. Siz mənim topu göyə necə vurduğumu gördünüz?! (buna görə Adam tribunaya göndərilib - red.) Amma istənilən halda həm mən, həm də köməkçilərim emosiyalarımızı qorumalıydıq. Hərəkətimə görə də üzr istəyirəm. Bir daha təkrar edirəm ki, yanvarın 11-də ekçiriləcək sonuncu oyunumuzu səbrsizliklə gözləyirəm.
