İsgəndər Cavadov: Rusiyalı hakimlər millimizin təmiz qolunu saymadı
Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadov Sankt-Peterburqda təşkil olunan 19 yaşadək futbolçular arasında Valentin Qranatkinin xatirə turniri ilə bağlı azerisport.az saytına fikirlərini açıqlayıb. AFFA İcraiyyə Komitəsinin üzvü öncə bunları söyləyib:
"Bu turniri izləməyə ilk dəfə gəlmirəm. Bundan əvvəlki turnirlərin də bəzisində olmuşdum. Çox yaxşı, gözəl oyunlar baş tutur. Bu, iştirakçı futbolçular üçün çox yaxşı təcrübədir. Komandamızın çıxışına gəlincə, əvvəlki turnirlərdə müqayisədə, bu dəfə daha yaxşı oyunun şahidi oluruq. Bunu həm qazanılan nəticələrə, həm də sərgilənən oyuna şamil etmək olar. Əlbəttə, çatışmazlıqlar da var və bunu başa düşmək olar".
Cavadov komandamızın ötən gün Sankt-Peterburq yığmasına məğlubiyyətini belə şərh edib: "Bu məğlubiyyətə müdafiə xəttindəki problemlər səbəb oldu. Eyni zamanda hakimlər də bizə qarşı idilər. Mənə elə gəlir ki, sayılmayan qol epizodu zamanı heç bir ofsayd yox idi. Həmin qolu qaydalar çərçivəsində vurmuşduq".
Həmsöhbətimiz oyunu izləməyə gələn azarkeşlərin yığmamıza simpatiya bəslədiyini də açıqlayıb: "Oyunu izləyən neytral azarkeşlərin əksəri məhz millimizin qələbəsini arzulayırdı. Bu, çox vacib məqamdır. Ustalıq səviyyəsi çatmayanda komanda ruhu sayəsində uğurlu oyun sərgiləyən futbolçularımız azarkeşlərin də rəğbətini qazanır".
"AFFA rəhbərliyi sağ olsun ki, komandamızın ardıcıl 7 ildir bu turnirdə iştirakına şərait yaradır. Əvvəllər bu turnirdə daha çox komanda çıxış edirdi. İndi isə iştirakçıların sayında azalma var".
Cavadov sonda komandaların üzvləri arasındakı yaş fərqindən də bəhs edib: "Mətbuatı tez-tez oxuyuram. Yazırlar ki, azərbaycanlı futbolçular doğum tarixlərini dəyişdirirlər. Bu, məndə gülüş doğurur. Çünki belə halları hər bir komandada görmək olur. Bu turnirdəki komandaların da bəzisində yaşca böyük olanlar var və bu aşkar görünür".
