Ukrayna çempionatının ən yaxşı bombardiri Azərbaycan klubuna keçə bilər
Rumıniyalı yarımmüdafiəçi Erik Bikfalvi karyerasını Azərbaycan klublarından birində davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə sözügedən futbolçunun meneceri Daniel Draqoş məlumat verib:
"Ukrayna klubları büdcəni azaltmaq istəyirlər. Bu, Bikfalvinin oynadığı "Volın"a da aiddir. Onunla bir sıra klublar maraqlanır. Bunların arasında Qazaxıstan, Rusiya, Özbəkistan, Azərbaycan klubları da var. Bu ölkələrdə maliyyə şərtləri daha yaxşıdır. Real variantlardan biri də Donetsk "Şaxtyor"udur. Mirça Luçesku Eriki yaxşı tanıyır".
Azərbaycan klublarından isə Bikfalvini "Qəbələ"nin transfer etmək istəməsi daha inandırıcı görünür. Çünki bu komandanın baş məşqçisi Roman Qriqorçuk Ukrayna çempionatında çıxış edən futbolçuları daha yaxşı tanıyır.
Qeyd edək ki, Bikfalvi Ukrayna çempionatının bombardirlər siyahısında birinci yerdə gedir.
