Nikolay Adam: Foqtsun gedişindən sonra dəyişiklik olmayıb
FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə keçirilmiş Azərbaycan – Rusiya-2 oyunundan sonra milli komandamızın baş məşqçisi Nikolay Adam bəzi sualları cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- Fikrimcə, bu gün yaxşı futbol izlədik. Hər iki komanda keyfiyyətli oyun sərgilədi. Bilirdik ki, rəqib bizdən bir yaş kiçikdir. Bu üzdən də oyunçularımızın rəqib komandaya yuxarıdan aşağı baxmasına imkan verməməyə çalışdıq.
- İki günə iki oyun keçirmək çətindir. Bərpa ilə bağlı problem var?
- Bəli, əlbəttə. Artıq Rusiya-2 ilə oyundan öncə düşünürdüm ki, bu futbolçuları oyuna necə hazır edə biləcəyəm. Amma yeniyetmə futbolçular kifayət qədər emosional olurlar və bu emosiya da bərpa zamanı tibbi proseduralardan daha çox kömək edir.
- Tez-tez futbolçulara azərbaycanca nələrisə deyirsiniz. Artıq bu dili öyrənmisiniz?
- Məsələ burasındadır ki, artıq mən və ailəm 4 ildir Azərbaycanda yaşayır. Şübhəsiz ki, yerli dildə danışmağım normaldır. Amma oyunçularım da almanca gözəl başa düşürlər.
- Həmyerliniz Berti Foqtsun istefasından sonra sisteminizdə nəsə dəyişib?
- Xeyr, heç bir dəyişiklik baş verməyib. Həm hazırlıq sistemimiz, həm də məqsədimiz dəyişməz olaraq qalıb.
- İki oyuna altı xal yaxşı göstəricidir. Komandanızın qarşısında duran hədəfləri açıqlayardınız...
- Əlbəttə, əsas hədəfimiz komandanın indiki vəziyyətinə baxmaq, kimin hazır olub-olmadığını bilmək, yeniləri nəzərdən keçirməkdir. Amma hər oyundan öncə futbolçularımı rəqibin kimliyindən asılı olmayaraq, yalnız qələbəyə kökləyirəm.
