Pena: Azərbaycanda klublara avrokuboklardakı çıxışına görə qiymət verirlər
"Bakı"nın sabiq hücumçusu Marius Pena Azərbaycanda çıxış etdiyi günləri xatırlayıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- Marius, rumıniyalı futbolçuların Azərbaycandakı həyatı necə idi?
- Mənim oraya gedişim çox sürətli alındı. İlk bir ayda işlərim yaxşı gedirdi. Komandamın ən yaxşı bombardiri idim. Hətta ayın ən yaxşı futbolçusu adını almışdım. Uyğunlaşmağa vaxtım omadı. Çünki ora gedən kimi oynamağa başladım. Amma uğurlu dövr qısa sürdü və xoşagəlməz hallar baş verməyə başladı. Baş məşqçi dəyişdi, zədələndim. Ondan sonra əvvəlki formamı bərpa etmək çox çətin idi. Təəssüf ki, zədəli olduğum dövrdə baş məşqçidən də heç bir dəstək görmədim.
- Ölkədən kənarda oynamaq nə dərəcədə asandır?
- Əksinə, çox çətindir. Legionerlərə təzyiq yerli futbolçularla müqayisədə daha çox olur. Əgər siz öz oyununuzla komandaya fayda verirsinizsə, sizə hamı təşəkkür edəcək. Amma əksinə də olur. Azərbaycanda çıxış edən futbolçuların hər biri gözəl bilir ki, onların çempionatında oynamaq asan deyil. Öz üzərində daim işləməlisən.
- Rumıniyalı futbolçulara Azərbaycanı məsləhət görürsünüz?
- Çətin dövr yaşayırsansa, Azərbaycan variantı yaxşıdır. Orada idmana, xüsusilə də futbola böyük sərmayə yatırılır. Orada məşhur futbolçular, məşqçilər var. Amma komandalara qiymət avrokuboklardakı çıxışa görə verilir.
- Klub prezidenti barədə nə deyə bilərsiniz? O, Rumıniya klublarında olduğu kimi, daim diqqət mərkəzində olur?
- Mən onu (Hafiz Məmmədovu) şəxsən tanımıram. Həmişə məşğul olurdu. Bakıda olduğum dövrdə onunla heç vaxt görüşməmişdim. Oyunlarımıza gələndə də matçları xüsusi guşədən izləyirdi.
- "Bakı" variantını niyə seçmişdiniz?
- Çünki təklif maliyyə baxımından da sərfəli idi. Bu üzdən də Azərbaycandan gələn təklifə üstünlük verdim. Amma getdikdən sonra bildim ki, "Astra" və "Styaua" da xidmətimdə maraqlı imiş.
- Azərbaycanda sizə Rumıniyanı xatırladan nələr var idi?
- Yollarda "Dacia 1310" avtomobillərinə rast gəlmək olurdu. Bütövlükdə, orada "Lada", "Volqa" kimi köhnə maşınlar çoxdur. Amma böyük mühərriki olan xarici avtomobillər də az deyil. Çünki orada benzin çox ucuzdur.
- Bakı təhlükəli şəhərdir?
- Qətiyyən yox. Mən orada olarkən heç bir təhlükə ilə üzləşmədim, ailəmdən də heç kim oğurlanmadı. Əvəzində yollarda böyük xaos hökm sürür. Hətta bir zolaqlı yolda da səni ötüb keçmək istəyən avtomobilə rast gələ bilərsən. Amma müsbət hal orasındadır ki, sürücülər bu kimi hallara görə əsəbləşmirlər, söymürlər, dalaşmırlar, küsmürlər. Baxmayaraq ki, Azərbaycanda rol arxasında oturanda maraqla düşünürsən ki, evə sağ-salamat qayıda biləcəyəmmi?
- Sizin keçmiş klubunuz "Bakı" indi iflasdadır...
- Son hadisələrdən xəbərim var və buna çox məyusam. Bu komanda ölkənin ən güclülərindən biri sayılırdı, indi isə müflis olub. Niyə belə olduğu doğrudan da çox maraqlıdır.
