Ürfan Abbasov: Bu, ən böyük arzumdur
"Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov geridə qalan illə bağlı xatirələrini və növbəti illə bağlı arzularını dilə gətirib. Azerisport.az sizi həmin açıqlama ilə tanış edir:
"2014-cü ili uğurlu hesab etmək olar. Məhz bu il komandamız çempionatın bürünc medallarına sahib oldu. Həm də kubokun finalına vəsiqə qazandıq. Düzdür, cəzalı olduğuma görə finalda meydançaya çıxa bilmədim. Amma kənardan o atmosferi izləmək, o həyəcanı yaşamaq çox gözəl idi. 2014-cü ilin mənim üçün xoşagəlməz tərəfləri də oldu. Bir neçə dəfə zədə aldım, uzun müddət yaşıl meydanlardan uzaq qaldım. 2015-ci ildən isə yalnız uğur gözləyirəm. Yeni baş məşqçimiz var. İnanıram ki, o yaxşı kollektiv formalaşdıra biləcək və biz mövsümü uğurlu nəticələrlə yekunlaşdıracağıq. Bir də ümid edirəm ki, özümü yaxşı tərəfdən göstərib milli komandamıza dəvət alacağam. Bu, ən böyük arzumdur".
