Maksim Medvedev: Xal fərqi daha böyük ola bilərdi
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
- 2014-cü ildən razı qaldınız?
- İstirahətə yaxşı əhval-ruhiyyədə yollanmaq üçün ilin son iki oyunundan qalib ayrılmalıydıq. Şadam ki, "Xəzər Lənkəran"la "Sumqayıt"ı məğlub edə bildik. Öz mövqeyimizi qorumağı bacardıq.
- Əsas izləyicinizdən 5 xal öndə olmağınızı necə izah edərdiniz?
- Fərq daha böyük ola bilərdi. "Sumqayıt"a texniki məğlubiyyət buna imkan vermədi. Bəzi oyunlar da var idi ki, öz şansımızı əldən vermişdik. Artıq biz yeni ildəki oyunlarımızı düşünməliyik.
- Avropa Liqasından kənarlaşmağınız çempionatdakı işinizi yüngülləşdirəcək?
- Uşaqların digər oyunlarla yüklənməyəcəyini nəzərə alsaq, bütün gücümüzü Premyer Liqaya yönəldəcəyik demək olar. Amma yığmanın toplanışları, oyunları da olacaq.
- 2014-cü ili karyeranızda ən yaxşı saymaq olar?
- Bəli, bu, ən yaxşı ilim oldu. Çempion oldum, Avropa Liqasının qrup mərhələsində oynadım.
- Növbəti mövsüm üçün hansı ümidləriniz var?
- Ümid edirəm ki, növbəti il daha yaxşı alınacaq. Çünki Azərbaycan yığmasına yeni baş məşqçi təyin olunub. Bu üzdən daha yaxşı nəticəyə ümid edəcəyik. Həmçinin "Qarabağ"ın da avrokuboklarda uğurlu çıxışını davam etdirməsini istərdim.
