Əsədov: Maraqlandığımız oyunçular da var, özlərini bizim adımızdan reklam edənlər də
"Neftçi"nin baş məşqçisi Arif Əsədovun azerisport.az saytına müsahibəsi
- Əgər bütün transfer xəbərlərinə inansaq, qış fasiləsindən sonra "Neftçi"nin heyətində çoxlu dəyişikliklər olmalıdır...
- Mən belə deməzdim. Heyətdə dəyişiklik etmək üçün mənə seçim etmək lazımdır. Həftədə iki dəfə oyuna çıxanda heyətlə bağlı problemlərlə üzləşdiyimizi yəqin ki, hiss etmisiniz. Amma biz bu qış qlobal dəyişiklik etməyəcəyik.
- "Neftçi" Rauf Əliyev, Cavid İmamverdiyev, Rəhman Hacıyev və Nurlan Novruzovun xidmətində maraqlıdır?
- Biz bu barədə danışıqlar yekunlaşdıqdan sonra açıqlama verəcəyik.
- Bu futbolçularla danışıq aparırsınız?
- (gülür) Hazırda "Neftçi"yə keçidi gündəmdə olan futbolçuların sayı çoxdur. Bizim doğrudan maraqlandığımız futbolçular da var, "Neftçi"nin adından özlərini reklam edənlər də. Konkret heç nə deyə bilmərəm. Əgər indi sizə konkret ad söyləsəm, bu, danışıqlar prosesinə təsir göstərəcək. Kimlərsə bundan öz maraqları üçün yararlana bilər. Hər şey o dərəcədə asan deyil.
- Siz ancaq yerli futbolçularla maraqlanırsınız?
- Bəli, ancaq yerli futbolçularla danışıq aparırıq. Əcnəbi futbolçu hələ ki, yoxdur.
- Transferlər olacaqsa, yəqin ki, gedənlər də olacaq...
- Hər şey yeni gələnlərdən asılıdır.
- Qış hazırlıq planında dəyişiklik yoxdur?
- Xeyr. Öncədən deyildiyi kimi, yanvarın 5-də bir araya gələcəyik, ayın 11-də isə Türkiyəyə yollanıb, 24-dək orada toplanışda olacağıq. Bu müddət ərzində 6 yoxlama oyunu keçirəcəyik. Bunların ayın 14, 17, 20 və 21-nə təsadüf edəcək. Yanvarın 23-də isə iki yoxlama oyunumuz olacaq.
- Kimlərlə qarşılaşacaqsınız?
- Variantlar çoxdur. Ukrayna, Türkiyə, Çin klubları var. Yaxın günlərdə hər şeyə aydınlıq gələcək.
