Toğrul Erat: Prosineçkinin hücum futbolu yığmamız üçün təhlükəlidir
Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın "Fortuna" (Düsseldorf) klubunun yarımmüdafiəçisi Toğrul Eratın azerisport.az saytına müsahibəsi
- Klubunuzdakı işləriniz necə gedir?
- Əsas heyətə düşmək çətin olsa da, mən ruhdan düşmədim. Öncə ikinci komandada oynadım, ardından məşqlərdə özümü göstərdim və baş məşqçi Oliver Rek məni əsas komandaya cəlb etdi. Məşqlərdə o qədər əziyyət çəkməsəydim, Rek mənə güvənməzdi. Hazırda yaxşı formadayam. Hədəflərimiz kifayət qədər yüksəkdir. Hazırda 6-cı pillədə olsaq da, daha üst yerlərdə qərarlaşmaq istəyirik. Son oyunda "Union Berlin"ə qalib gəldik. Fikrimcə, belə davam etsək, yaxşı olacaq.
- Yəqin ki, yığma komandada edilən dəyişiklikdən, Robert Prosineçkinin təyinatından da xəbəriniz var?
- Bəli.
- Sizcə, o, necə məşqçidir?
- Onun Xorvatiya yığmasındakı oyunu barədə eşitmişəm. Prosineçki komandasının əsas liderlərindən olub. Şadam ki, belə bir məşhur şəxs bundan sonra Azərbaycan yığmasını çalışdıracaq. Ümid edirəm ki, onun rəhbərliyi altında oynaya biləcəyəm. Malta ilə oyunda isə ilk üç xalımızı qazanacağımıza inanıram.
- Prosiençki xaricdə çıxış edən futbolçularımızı da izlədiyini deyib. Bu barədə nəsə eşitmisiniz?
- Mənə yığma məşqçiləri tərəfindən xüsusi diqqət olduğunu görməmişəm. İstənilən halda, çıxışımı "Fortuna"nın oyunlarına baxmaqla görmək olar. Ümid edirəm ki, Prosineçki məni də diqqətdən kənarda saxlamayacaq və milliyə dəvət edəcək.
- Hamı Prosineçkinin rəhbərliyi altında yığmamızın hücum futbolu sərgiləyəcəyini düşünür. Sizcə, Berti Foqtsun müdafiə futbolu ilə müqayisədə bunun komandamıza faydası olacaq?
- Prosineçkinin hücum futbolunun azərbaycanlılara nə dərəcədə kömək edəcəyini bilmirəm. Çünki bu, kifayət qədər təhlükəlidir. Hücumda çıxış edən komandanın müdafiə xətti ikiqat çətinliklərlə üzləşir.
- "Qarabağ"ın Avropa Liqasındakı çıxışını izləyirdiniz?
- Bəli. Hakimin İtaliya "İnter"i ilə oyunda vurulmuş təmiz qolu saymaması çox üzücü idi. Təmiz qol idi.
- UEFA bu məsələ ilə bağlı yekun qərarını fevralın 5-də açıqlayacaq. Sizcə, müsbət xəbər gözləməyə dəyər?
- "Qarabağ" təmiz qol vurduğu halda hakim səhvi nəticəsində növbəti mərhələyə adlaya bilməməsini anlaya bilmirəm. Çox istərdim ki, komandamız pley-offa yüksəlsin.
- Hazırda ölkənin ən yaxşı klubu sayılan "Qarabağ"da oynamaq istəməzdiniz?
- Mənim "Fortuna" ilə 2016-cı ilədək müqaviləm var. İndi iki ildən sonra nə olacağı barədə heç nə deyə bilmərəm. Gələcək göstərəcək.
