Elnur Abdullayev: Xəzər Lənkəranın neçənci yer uğrunda mübarizə aparacağını bilmirəm
"Xəzər Lənkəran"la yollarını ayıran Elnur Abdullayevin azerisport.az saytına müsahibəsi
- "Xəzər Lənkəran"la rəsmən vidalaşmısınız?
- Bəli.
- Buna nə səbəb oldu? Siz də gəncləşdirmə siyasətinin qurbanı oldunuz?
- Xeyr, başqa səbəblər vardı?
- Hansı?
- Düzünü desəm, "Xəzər Lənkəran"la müqaviləmin müddəti başa çatmaq üzrə idi. Sadəcə, dedilər ki, ikinci dövrə bitəndən sonra hər şeyi müzakirə edərik. Amma elə alındı ki, ikinci dövrə başa çatan kimi, komandada köklü dəyişikliklər edildi. Klub hətta müqaviləsi olanları da yola salmağa qərar verdi. Mən də qərara aldım ki, gedim.
- Çoxları belə düşünür ki, XL bununla öz iddiasını itirmiş oldu?
- Düzünü deyim ki, komandanın hansı məqsədlər uğrunda mübarizə aparacağını bilmirəm. Keçmiş klubuma sadəcə, uğurlar arzulaya bilərəm.
- Komandanı bütün futbolçular tərk etmir. Niyə məhz siz, Əfran, Rauf, Rəşad göndərildi? Ola bilər ki, bu, yüksək maaş almağınızla bağlıdır?
- Digər oyunçular barədə heç nə deyə bilmərəm, ancaq özüm haqda danışa bilərəm. Yüksək maaşa gəlincə, onu Kristiano Ronaldo, Lionel Messi kimi futbolçular alır, biz yox (gülür).
- Bundan sonra planlarınız necədir?
- Hələ heç nə bəlli deyil. Yaxın günlərdə yeni komandamı müəyyənləşdirəyəcəm.
- Lənkəran klubunun sənə borcu qalıb?
- Xeyr. Çünki müqavilənin müddəti başa çatırdı. Bundan sonra azad agent statusuna malikəm.
