Qurban Qurbanov: Foqtsla problemim yox idi, Prosineçki ilə də olmaz
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi
- Rauf Əliyevlə Əfran İsmayılovun "Xəzər Lənkəran"dan getməsi onların "Qarabağ"a dönəcəyi barədə xəbərlərə rəvac verib. Bu, nə dərəcədə realdır?
- Bu cür söhbətləri başa düşmək olar. Azarkeşlər də belə istəkdə ola bilərlər. Amma hazırda onları almaq bizim planlarımıza daxil deyil.
- İnnosent Emeqara ilə bağlı vəziyyət də çox müzakirə olunur. O, "Qarabağ"a dönəcək?
- Biz onunla daha 2 il müddətinə müqavilə bağlaya bilərik. Amma mən hələ öz razılığımı verməmişəm.
- Bunun nəsə səbəbi var?
- Bəli, səbəblər var. Mən hələ düşünürəm. Nə vaxt qərarımı versəm, onda da açıqlayacağam.
- Komandaya yeni futbolçuları lazımdır?
- Müxtəlif futbolçuların "Qarabağ"a keçəcəyinə dair xəbərlər həmişə olub, olacaq da. Baş məşqçi olaraq deyirəm ki, biz hazırda heç bir futbolçu ilə danışıq aparmırıq. Heyətimiz kifayət qədər yaxşıdır. Amma bu, o demək deyil ki, sabah hansısa yaxşı bir futbolçunu almaq imkanımız olsa, ondan imtina edəcəyik.
- "Xəzər Lənkəran"ın büdcəni azaltması, aparıcı futbolçulardan və Oğuz Çətindən imtinası müxtəlif reaksiyalara səbəb oldu. Çoxları düşünür ki, Topaz Premyer Liqasının səviyyəsi daha da aşağı enir. Bəs siz bu barədə nə deyə bilərsiniz?
- Bu qərarı "Xəzər Lənkəran" rəhbərliyi qəbul edib. Biz qış fasiləsindən sonra onların hansı heyət və necə komanda ilə mübarizə aparacağını bilmirik. Çempionatın səviyyəsinin də normal olacağını düşünürəm.
- Fevral ayında Robert Prosineçki yığmanı toplanışa yığacaq. Əvvəllər Berti Foqtsun belə toplanışları klub məşqçilərinin narazılığına səbəb olurdu...
- Mənim Foqtsla problemim yox idi. Fikrimcə, Prosineçki ilə olmayacaq. Biz futbolçularımızı Foqtsun uzunmüddətli toplanışlarına da buraxmışıq. Prosineçki də istəsə, yığmanın maraqları naminə, buna qarşı çıxmayacağıq.
