Elvin Yunuszadə: Neftçi fasilədən sonra daha güclü olacaq
“Neftçi”nin futbolçusu Elvin Yunuszadə Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “İnter”ə 1:2 hesablı məğlubiyyətdən sonra azerisport.az saytının suallarına cavab verib. Futbolçu komandanın məğlub olmasında səbəb kimi buraxılan səhvlərdən danışıb:
“Paytaxt derbisində əsas məqsədimiz 3 xal qazanmaq idi. Oyuna yaxşı başladıq. Hesabı açandan sonra bir qədər arxayınlıq özünü göstərdi. İkinci qolu da vura bilərdik. Eyni zamanda rəqibin də təhlükəli vəziyyətləri çox oldu. Sadəcə, oyun istədiyimiz kimi başa çatmadı. Məğlub olmuşuqsa, deməli, rəqibdən zəif oynamışıq. Məğlubiyyət 3 xal itirməyimiz deməkdir, ona görə düşünmək lazımdır”.
Hakimlik barədə danışmaq istəməyən Yunuszadə “İnter”in səhvlərdən maksimum faydalandığını dedi: “Rəqib əks hücumlarda yaxşı oynadı. Uduzmağımız fasilədə daha yaxşı hazırlaşmağa məcbur edəcək. "Bankirlər" yaxşı oynadı. Hakimlik barədə danışmaq istəmirəm. Özümə söz vermişəm ki, hakimlik barədə bir söz deməyəcəyəm. Amma bu oyunda komandamız məğlub olmalı deyildi. Məğlubiyyətə layiq deyildik”.
“Neftçi”nin futbolçusu klubun iddiasını davam etdirəcəyini və fasilədən sonra daha yaxşı mübarizə aparacağına inandığını bildirdi: “Çempionat hələ başa çatmayıb. İlk üçlükdə olmaq yaxşıdır. Amma biz hər zaman yüksək yerlər uğrunda mübarizə aparmışıq. Məqsədimiz eynidir. Fasilədən sonra “Neftçi” daha güclü olacaq. Müəyyən mənada hazırlıq lazımdır. Əsas oyunlar fevraldan başlayacaq, ona görə hələ heç nə itirilməyib”.
Elvin Yunuszadənin sözlərinə görə, “İnter”lə oyunda itirilən 3 xalı növbəti matçlarda sığortalamaq mümkün olacaq. Əsas “Neftçi”nin sona qədər mübarizə aparmasıdır: “Müəyyən səhvlərimiz oldu. 3 xal itirsək də, qələbə şanslarımız qalıb. Bu mövsüm ötən ildən daha uğurlu olmalıdır. Bunun üçün imkanlarımız var”.
