"Hakimlər elə işləməlidir ki, məşqçilər məğlubiyyətə görə onları günahlandırmasınlar"
AFFA klublar komitəsinin rəhbəri Tuyqun Nadirov azerisport.az saytına müsahibəsində ötən gün baş tutan iclasda müzakirəyə çıxarılan məsələlərdən danışıb.
- Komitənin son iclası necə keçdi?
- Bir çox məsələ müzakirə edildi. Sizə deyə biləcəyim məsələləri də müzakirə etdik, hələlik, gizli saxlamaq məcburiyyətində olduğum məsələlər də. Qəbul etdiyimiz ilk qərar "Bakı"nın futbolçularına mövsümün sonunadək toxunmamaq oldu.
- Necə?
- Əgər futbolçu iki ay klubdan pulunu ala bilməsə, o, müqaviləni ləğv edib, azad agent statusu ala və istənilən komandaya keçə bilər. Biz isə "Bakı"nı dəstəkləməyə qərar verdik. Qərar qəbul olundu ki, bu komandanın oyunçularına toxunmayaq. Klubun yetirmələrinə görə kompensasiya ödənilməsi də müzakirə olundu. Bu, ciddi problemdir və hər klubun marağındadır. Qərara aldıq ki, növbəti iclasda bu məsələni daha dərindən analiz edək.
- Klublar komitəsi artıq hakimlərə təzyiq etməyə başlayıb?
- Mən belə deməzdim. Bu mövsüm Premyer Liqa klublarının əksəri hakimlikdən narazılıq edib. Amma hakimlərə təzyiq göstərə bilmərik. Bizim sadəcə, hakimlər komitəsinə müraciət etməyimiz mümkündür. Onlardan xahiş edəcəyik ki, öz işlərinə daha məsuliyyətli yanaşsınlar. Klublar da hakimliyin daha yaxşı olmasını istəyirlər. Bizdə hakimlər oyunun tempinə çatdıra bilmirsə, tez-tez fit çalmağa başlayır. Biz də istəyirik, hakimlər elə oyun idarə etsinlər ki, məşqçilər oyundan sonra məğlubiyyətə görə onları günahlandırmasınlar.
- Bəs hakimliklə bağlı heç nə dəyişməsə nə olacaq?
- Belə olan halda komitə üzvləri AFFA İcraiyyə Komitəsinə hakimlər komitəsinin sədrinin dəyişdirilməsi barədə müraciət ünvanlaya bilər. Amma hələ belə bir məsələ gündəmdə deyil. Ümid edirəm ki, məsələ ona qədər uzanmaz. Topaz Premyer Liqasının rəsmi sponsoru "Topaz"la da bağlı müzakirələr apardıq. Çempionatımızın adı bu şirkətlə yanaşı çəkilir, onlar da buna görə PFL-ə pul ödəyirlər. Bəs klublar buna görə nə qazanır? Artıq "Topaz" nümayəndəsi ilə danışmışıq və növbəti toplantımızda onlar da iştirak edəcəklər. Danışacağıq. Bizim də öz təkliflərimiz olacaq.
