AFFA Klublar Komitəsi Bakının futbolçuları ilə birbaşa danışıqları qadağan etdi
AFFA klublar komitəsinin ötən gün baş tutan növbəti toplantısında bir sıra məsələlər müzakirə olunub. Azerisport.az xəbər verir ki, klub rəsmiləri iclasda belə qərara gəliblər ki, Topaz Premyer Liqasının heç bir iştirakçısı "Bakı"nın futbolçuları ilə birbaşa danışıqlar aparmasınlar.
Məlum olduğu kimi, bu klub maliyyə problemlərindən əziyyət çəkir. Buna görə də futbolçuları azacıq sərfəli təklif gələn kimi, başqa klublara keçməyə üstünlük verirlər. Amma bundan sonra belə olmayacaq. Mövsümün sonunadək "Bakı"nın üzvləri ilə birbaşa danışıq aparmaq qadağan olunub. Hər hansı oyunçu üçün təklif gələcəyi halda, bu, yalnız klublar arasında müzakirə olunacaq.
Toplantıda həmçinin hakimliklə bağlı problemlər, oyunların teleyayımı, Premyer Liqanın titul sponsorluğu və digər məsələlər müzakirə olunub.
