Qriqorçuk: Azərbaycanda çempion olmaq asan deyil
"Qəbələ"nin yeni baş məşqçisi Roman Qriqorçuk bu gün ictimaiyyətə təqdim olunub. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis təqdim mərasimində öncə bunları söyləyib:
- "Qəbələ"yə gəldiyimüçün şadam. İlk görüşümüzdən sonra başa düşdüm ki, burada ciddi insanlar çalışır, hədəflərini çox yaxşı başa düşürlər. Mən özüm də qarşıma həmişə yüksək hədəflər qoymuşam. İstəklərimiz bu baxımdan üst-üsə düşür. İnfrastrukturla tanış olandan sonra başa düşdüm ki, "Qəbələ"yə keçməyə dəyər.
- "Qəbələ" yayda da sizə təklif etmişdi. O zaman niyə imtina etmişdiniz?
- "Çernomorets"də qalmağı lazım bildim. O zaman "Qəbələ"yə keçidim baş tutmadı. Bu dəfə isə tam fərqli vəziyyət var idi.
- "Qəbələ"ni indiki vəziyyətdən çıxarmaq çətin olmayacaq?
- "Qəbələ" hazırda olmalı olduğu yerdə deyil. Hədəflərimiz böyükdür. Amma bu hədəflərə çatmaq çətin olacaq. Yüksək pillələrə çıxmağa hazır olmalıyıq. Klubun belə gözəl infrastrukturu var. Bizə sadəcə, işləmək qalır.
- Heyətdə nə dəyişikliklər planlaşdırırsınız?
- "Qəbələ"nin oyunlarına baxmışam. Bura gələndən sonra bir neçə oyunu canlı da izləmişəm. Müəyyən düşüncələrim var. Yaxşı nəticə qazanmaq üçün yaxşı da oynamaq lazımdır. Komandaya yeni futbolçular lazımdır. Amma bu gün həmin dəyişikliklərdən danışmaq istəmirəm.
- Ukrayna mətbuatı yazır ki, "Qəbələ"də də "Çernomorets"dəki qədər qazanacaqsınız...
- Müqaviləmdə belə bir bənd var ki, bu barədə heç nə danışmamalıyam. Əgər klub özü bunu açıqlamağı məsləhət bilsə, açıqlayar.
- "Çernomorets"in bir neçə üzvünü "Qəbələ"yə gətirəcəyiniz də bildirlir...
- Hər şey ola bilər. Hələ bu barədə danışmağın mənası yoxdur. Amma etiraf edim ki, "Çernomorets"in bir neçə üzvünü "Qəbələ"də görmək istərdim.
- Bundan sonra "Qəbələ"də transferləri baş məşqçi yox, klub özü həyata keçirəcək. Bu, sizin işinizə problem yaratmayacaq...
- Bu məsələni birgə həll etməliyik. Əsas odur ki, rəhbərliyin komandadan necə futbol istədiyini bilirik.
- Premyer Liqada hansı komandaları "Qəbələ"yə əsas rəqib görürsünüz?
- Azərbaycanda yaxşı səviyyəli komandalar var. Burada çempion olmaq asan deyil. Çalışmaq lazımdır. Çempion olmaq üçün rəqiblərimizdən daha yaxşı olmalıyıq.
