Kamran Ağayev: Mən Erik Kantona deyiləm ki, azarkeşə hücum çəkəm
Futbol üzrə Azərbaycan yığmasının və "Qəbələ"nin qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi
- "Qarabağ" üzərindəki qələbəni necə şərh edə bilərsiniz?
- Bizim üçün vacib qələbə oldu. Hesabda geri düşsək də, əzmkar qələbə qazanmağı bacardıq.
- Komanda Dorinel Muntyanunun istefasından sonrakı ilk oyununda qələbə qazandı. Rumıniyalı mütəxəssis sizə oynamağa imkan vermirdi?
- Bu məşqçinin arxasınca danışmaq istəmirəm. Amma bizə necə deyirlərsə, elə də oynayırıq.
- Böyük ehtimalla "Qəbələ"nin yeni baş məşqçisi Roman Qriqorçuk olacaq...
- Düzünü deyim ki, komandaya kimin baş məşqçi təyin olunacağı haqda düşünmürəm. Kimi həmin posta gətirəcəklərsə, onunla da işləyəcəyik.
- Siz bu mövsüm sərgilədiyiniz oyundan razısınız?
- Məndə hazırda düşüş var. Bunun da öz səbəbləri var. Artıq qocaldığımı deyənlər də tapılmaqdadır. Amma cəmi 28 yaşım var. "Qəbələ" ilə tam toplanış keçə bilməmişdim. "Bakı"da olarkən iki əməliyyat keçirmişdim, İndi özümü daha yaxşı hiss edirəm. Ümid edirəm ki, növbəti turlarda hər şey yaxşı olacaq.
- Azərbaycan yığmasında ehtiyatda qalmağınızın da səbəbi eynidir?
- Bəli. Bu, Mahmud Qurbanovun qərarı idi. Mən bununla bağlı heç nə deyə bilmərəm. Qərarına da normal yanaşıram.
- Ötən tur millinin yeni baş məşqçisi Robert Prosineçki "Xəzər Lənkəran" - "Qəbələ" matçını izlədi. Həmin oyunda 3 qol buraxmağınızın xorvatiyalı mütəxəssisin sizinlə bağlı qərarına təsir edəcəyini düşünmürsünüz?
- Mən indiyə qədər nəyə nail olmuşamsa, nə yeni baş məşqçi, nə də başqaları onu nəzərə alan deyil. Mən də daxil olmaqla hər bir futbolçumuz millinin formasını geyinməyə layiq olduğunu isbatlamaq üçün çox çalışmalıdır, hər şeyə yenidən başlamalıdır.
- Son dövrlər mətbuatın əsas hədəfinə çevrilmisiniz. Öncə Mahmud Qurbanovla aranızın dəydiyi barədə xəbərlər yayıldı, ardından "Xəzər Lənkəran" azarkeşlərini və jurnalistləri təhqir etdiyiniz bildirildi...
- Mən öz ünvanıma artıq-əskik sözləri qəbul edə bilmirəm. Qoy məndən işimi tələb etsinlər, artıq şeylər yox. Mənim Qurbanovla heç bir problemim olmayıb. Çünki yığmaya ona görə getməmişdim. Jurnalistlərə gəlincə, məni də düzgün başa düşün. Oyundan sonra mətbuata danışmağa hazıram. Amma jurnalistlərin də sırasında elələri var ki, mən onlarla danışmaq istəmirəm. Hərə özünə bir sayt açır, sensasiyalı xəbərlər yayır. XL ilə oyundan sonra məyus idim, amma jurnalisti söyməmişəm. Sadəcə, danışmaq istəmədiyimi bir az kəskin şəkildə dilə gətirdim. Mən sabah oyuna çıxmağa hazırlaşıram, sual verirlər ki, klubun səni qovmaq istəyir. Bunu heç bir futbolçu bəyənməz.
- XL azarkeşlərini təhqir etməyiniz də yalandır?
- Oyundan sonra lənkəranlı azarkeşlərə yaxınlaşdım və bildirdim ki, kimlər mənim ünvanım nə söyüşlər səsləndirirsə, mən də onları sizin ünvanınıza göndərirəm. Çünki onların mənə dediyi sözlərə layiq deyiləm. Mən Erik Kantona deyiləm ki, azarkeşlərə hücum edim.
