Ukraynalılar Qriqorçukun Çernomoretsdən ayrıldığını təkzib etdilər
Ukraynanın "Çernomorets" klubunun rəhbərliyi komandanın məşqçilər korpusunun, eləcə də baş məşqçi Roman Qriqorçukun istefa verdiyi barədə xəbərləri təkzib edib. Azerisport.az xəbər verir ki, klubun baş direktoru Sergey Kernetskoqo bunları söyləyib:
"Məşqçilər korpusumuz istirahətdədir. Onların istefa verməsi, qovulması barədə xəbərləri kimin yaymasından məlumatımız yoxdur. Mənim isə cavabım belədir: məşqçilərimiz hazırda istirahət edirlər".
Komandanın qapıçılarla işləyən məşqçisi Andrey Qluşenko da yerli mətbuata açıqlamasında istefa vermələrini təkzib edib: "Hə, hə, mən də oxumuşam ki, istefa vermişəm (gülür). Amma əslində biz istirahətə yollanmışıq. Bu xəbərlər məni də təəccübləndirdi. Yəqin ki, belə xəbərləri az oxumaq lazımdır".
Qeyd edək ki, "Çernomorets"in baş məşqçisi hazırda Azərbaycandadır. Qriqorçuk "Qəbələ" ilə danışıqlar aparır. O, hətta klubun təlim-məşq bazası ilə tanış olub, ötən gün bu komandanın "Qarabağ"la oyununu izləyib. Vitse-prezident Fariz Nəcəfov isə yeni baş məşqçinin böyük ehtimalla məhz Qriqorçuk olacağını bəyan edib.
