Fariz Nəcəfov: Əcnəbi məşqçi gətirməyi klub prezidenti istədi
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilmiş "Qarabağ"la oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun barədə nə deyə bilərsiniz?
- Maraqlı oyun alındı. Düzdü, hamımız "Qarabağ"ın məlum səbəblərdən yorğun olduğunu bilirik. Amma hər şeyə rəğmən, qələbə qazana bildik. Baş məşqçi istefaları zamanı futbolçular həm pozitiv ruhda, həm də əksinə ola bilirlər. Bu gün biz komandamızdan yaxşı oyun gördük. Oyuna yaxşı köklənmişdilər. Sənan Qurbanovu alqışlayıram. İlk oyunu olmasına baxmayaraq, komandanı oyuna yaxşı hazırlaşdıra bilmişdi.
- Oyunu izləyənlər arasında ukraynalı mütəxəssis Roman Qriqorçuk da var idi. Bizdə olan məlumata görə, "Qəbələ"ni o çalışdıracaq...
- Hazırda onunla danışıqlar davam edir. Bəzi danışılmamış məqamlar var.
- Adətən komandanın oyununu izləməyə gələn mütəxəssislər baş məşqçi postuna təyin olunurlar...
- Böyük ehtimalla "Qəbələ"ni məhz Qriqorçuk çalışdıracaq. O, artıq yerli infrastrukturla da tanış olub və hər şey xoşuna gəlib.
- Neçə illik müqavilə bağlamağı düşünürsünüz?
- Ən azı yarım illik müqavilə bağlanılacaq. Mən uzunmüddətli müqavilə bağlamağın tərəfdarıyam. Amma nəyin necə başa çatacağını öncədən bilmək olmur.
- Ukrayna mətbuatının yazdığına görə, Qriqorçuka başqa klublardan da təkliflər var...
- Bəli, onun başqa variantları da var. Biz onunla çoxdan maraqlanırıq. Yaxşı mütəxəssis, bizim fəlsəfəmizə uyğun məşqçi olduğunu bilirik.
- "Qəbələ" niyə yerli mütəxəssislərlə işləməyin tərəfdarı deyil?
- Əgər klubumuzun tarixinə diqqət yetirsəniz, görərsiniz ki, onun təxminən yarısını yerli mütəxəssislə - Ramiz Məmmədovla keçirmişik. İndi əcnəbi məşqçi gətirmək barədə qərar klub prezidentinindir. Razıyam ki, bizdə də yaxşı mütəxəssislər var. Amma biz hazırda daha çox Avropa modelinə uyğunlaşmağa çalışırıq.
- Dorinel Muntyanu gedişinə görə kompensasiya tələb etdi?
- Heç bir kompensasiya istəmədi.
- Özü getdiyinə görə?
- Biz qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. O, özü də başa düşürdü ki, nəticə də, oyun da istənilən səviyyədə deyil. Transferlərdə səhvə yol verilmişdi. Ümid edirəm ki, növbəti məşqçimizlə hər şey yaxşı olacaq.
