Aleksandr Amisulaşvili: Hakim Qarabağ - İnter oyununda bağışlanmaz səhvə yol verdi
"İnter"in müdafiəçisi Aleksandr Amisulaşvilinin azerisport.az saytına müsahibəsi
- "Simurq"la oyundan nə gözləyirsiz?
- Asan oyun olmayacaq. Çətin bir matç gözləyirəm. Zaqatalalıların yaxşı komandası var. Xüsusilə də ev oyunlarında yaxşı təsir bağışlayırlar. Baxaq, görək necə alınacaq.
- "İnter" qələbə seriyasını davam etdirə biləcək?
- Bunun üçün əlimizdən gələni edəcəyik.
- Rəqib barədə nə deyə bilərsiz?
- Biz onlarla yoxlama oyunu da keçirmişik, çempionatda da qarşılaşmışıq. Möhkəm, münasib olmayan rəqibdi. Sonadək mübarizə aparmağı xoşlayırlar.
- "Neftçi"dən turnir cədvəlində aralanmağı düşünəcəksiz?
- Biz hələ bu barədə düşünmürük. Sadəcə, meydana çıxıb öz oyunumuzu göstərmək istəyirik. Xallarımızı mövsümün sonunda saymağa çalışacağıq. Hələ ona qədər çox oyunumuz var. Əsas oyunlarımız qarşıdadır.
- "İnter"in çempionluğu nə dərəcədə realdır?
- Buna nail olmaq çətin olacaq. "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran" və "Qəbələ" də çempionluğa oynayır. Onları da unutmaq olmaz. Çempionatın nəticəsi barədə indidən düşünmək çox tezdir. Hazırda biz sadəcə, hər növbəti oyunu düşünməliyik.
- "Qarabağ"ın çempionluğa ən real namizəd olması ilə razısınız?
- Hər şeyi zaman göstərəcək. Əlbəttə, "Qarabağ" güclüdür. Avropa Liqası ilə vidalaşdıqdan sonra bütün diqqətləri çempionata yönəlib. Yeri gəlmişkən, çox təəssüf ki, onların Milan "İnter"i ilə oyundakı qolu sayılmadı. Onlar pley-off mərhələsinə çıxmağa layiq idilər. Hakim bağışlanmaz səhvə yol verdi.
