Ropotan: Çətin ki, anlaşılmaz hakim qərarı Qarabağın bizimlə oyuna köklənməsinə mane ola
"Qəbələ"nin yarımmüdafiəçisi Adrian Ropotan Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çətin oyun gözlədiyini bilirik. Son ölkə çempionuna, liderə qarşı oynayacağıq. Hər oyuna qələbə üçün çıxırıq. Bu görüşdə də elə olacaq. Rəqibimiz bu günlərdə çox gözlənilməz bir qərara üzüldü, hakim onların İtaliya "İnter"inin qapısına vurduğu qolu saymadılar. Hakimin qərarı anlaşılmazdı. Amma çətin ki, bu, onların bizimlə oyuna köklənməsinə mane ola. Dorinel Muntyanunun gedişindən sonra komandaya gənc mütəxəssis Sənan Qurbanov rəhbərlik edir. Hamımız qarşıdakı oyunda ona kömək etməliyik. Turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmağımız lazımdır".
