Asim Xudiyev: Hakimin səhv qərarının ləğvini gözləməyə dəyməz
Sabiq FİFA referisi, hazırda UEFA-nın hakim-inspektorlarından olan Asim Xudiyev Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı oyundakı təmiz qolunun sayılmamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, yan xətt hakiminin kobud səhvi idi. Bunun öncədən düşünüldüyünü deyə bilmərəm. Böyük ehtimalla o, həmin epizodu aydınlaşdıra bilmədi. Yan xətt hakimi əsas günahkardır. Amma istənilən halda referi məsuliyyəti öz üzərinə götürməliydi. Şübhəsiz ki, hakim-inspektor bu hakimlər briqadasına qeyri-qənaətbəxş qiymət verəcəklər. Əminəm ki, bu hakimlər uzun müddət beynəlxalq oyunlara dəvət almayacaqlar. Çox təəssüf ki, hər şey "Qarabağ" üçün belə nəticələndi. Bütün əziyyət bir hakimin səhvi nəticəsində hədər getdi. Hakim səhv qərarının ləğvini də gözləməyə dəyməz. Belə bir halla hələ rastlaşmamışam. Amma "Qarabağ"ın şikayəti bu hakimin beynəlxalq arenada bir daha təyinat almamasına kömək edə bilər".
