Xaqani Məmmədov: Oyunun hakim-inspektoru da qolun təmiz vurulduğunu dedi
Xəbər verdiyimiz kimi, bu gün "Qarabağ"ın bazasında jurnalistlər üçün mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, ötən gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı keçirilmiş oyunda təmiz qolun sayılmamasına həsr olunan tədbirdə klubun vitse-prezidenti Tahir Gözəl, direktor Əmrah Çəlikəl və AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov iştirak edib.
Xaqani Məmmədov çıxışında bunları vurğulayıb: "Altı hakimdən üçü həmin epizodu yaxından görürdü. Qapı arxasındakı hakim köməkçisi referiyə topun "İnter"in oyunçusuna toxunaraq tora daxil olduğunu deməliydi. Hətta Leroy Corc həmin epizodda ofsaydda olsaydı da belə. Referi isə məsuliyyəti öz üzərinə götürməliydi. Oyunun hakim-inspektoru da qolun təmiz olduğunu dedi. Bu, o deməkdir ki, hakimlər cəzalanacaq. Əlavə olunmuş 4 dəqiqənin sona kimi oynanılmaması da etiraz etmək üçün bir əsasdır".
