Muarem Muarem: Heç kimi günahlandırmaq istəmirəm
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi
- Milan "İnter"i ilə oyun barədə nə deyə bilərsiniz?
- Biz bu oyuna yaxşı hazırlaşmışdıq, yaxşı da oynadıq. Ola bilər ki, oyuna o qədər də uğurlu başlamadıq. Amma sonradan özümüzü toparladıq və sonadək mübarizə apardıq. Qol vuracağımızı hiss edirdim. Vurduq da. Orada heç bir ofsayd, qayda pozuntusu yox idi. Oyundan sonra dəfələrlə həmin epizodun təkrarına baxdıq. Baş hakimin bu təmiz qolu saymaması çox anlaşılmazdır. Yan xətt hakimi də bayrağını dərhal qaldırmadığına görə biz qolu bayram etməyə qaçdıq. Amma bu, futboldur. Nə etmək olar? Hakimlər də səhv edə bilərlər. Heç kimi günahlandırmıram. Lakin belə oyunlarda diqqətli olmaq lazımdır. Çünki biz bu uğura imza atmaq üçün çox əziyyət çəkmişdik. Artıq hər şey növbəti ilə qaldı. Premyer Liqada qış fasiləsinə yaxşı nəticə ilə yollanmalıyıq.
- Vüqar Nadirov ilk hissədə zədələnib çıxdıqdan sonra Qurban Qurbanov sizə nə tapşırdı?
- Sadəcə, Vüqarı başqa oyunçumuz əvəzlədi. Başqa xüsusi tapşırıq olmadı. Əminəm ki, Reynaldo ilə Çumbinyo olsaydı, biz bu görüşdə daha yaxşı nəticə qazanacaqdıq. Amma gərgin qrafik, zədəlilərimizin çoxluğu bizi az çətinliyə salmadı. Elə Nadirov da sonadək oynasaydı, nəticə başqa cür ola bilərdi. Qismət deyilmiş.
- Qurbanov oyundan sonra nə dedi?
- Hamını təbrik etdi. Sayılmayan qolun təkrarına baxıb, çox qəzəbləndi.
- Oyunun sonlarında hücumlarınızın sayının artmasına səbəb "Dnepr"in "Sent-Etyen"lə oyunda önə keçməsini eşitməyiniz oldu?
- Mən heç həmin oyun barədə düşünmürdüm. Əsas diqqət öz oyunumuzda idi.
- Sizcə, daha erkən qol vurub, uğur qazanmağınız üçün nə çatışmadı?
- Hər şey qaydasında idi. Yaxşı hazırlaşmışdıq, gözəl oynadıq, qol vurduq. Sadəcə, hakim qol epizodunu ofsayd olaraq dəyərlənidirdi. Qalan hər şey əla idi.
- Ola bilər ki, hakim bu qərarı qəsdən qəbul etsin?
- Heç kimi günahlandırmaq istəmirəm. Qərar artıq qəbul olunub.
