Nikola Mitiç: Prosineçki Subaşiç tipli hücumçuya ehtiyac duya bilər
Serbiyanın "Srvena Zvezda" klubunun sabiq futbolçusu Nikola Mitiçin azerisport.az saytına müsahibəsi
- Vaxtilə baş məşqçiniz olmuş Robert Prosineçkinin Azərbaycan yığmasının sükanı arxasına keçməsindən xəbəriniz var?
- Bəli, mən onun işləri ilə maraqlanıram.
- Təbrik etmisiz?
- Düzünü desəm, yox. Amma imkan tapan kimi, ona zəng edib, təbriklərimi çatdıracağam.
- Sizcə, o, yığmamıza yeni nəfəs gətirə biləcək?
- Mənə elə gəlir ki, hə. O, komandanızın oyun üslubunu dəyişəcək. Prosineçi komandasının topa daha çox nəzarət etməsini, hücumlar qurmasını sevir.
- "Srvena Zvezda"da çalışarkən onun hansı müsbət və mənfi cəhətlərinin şahidi olmusuz?
- Mən ondan mənfi heç nə görməmişəm. Çox pozitiv insandır. Tezliklə özünüz də hər şeyi görəcəksiniz. Prosineçkini təkcə futbolçular yox, jurnalistlər də çox sevəcək. Onunla işləmək mənim üçün şərəf idi.
- Onunla bağlı yadınızda qalan əsas nə olub?
- O, klubdan gedəndə hər kəslə - futbolçularla, jurnalistlərlə, azarkeşlərlə görüşmüşdü. "Srvena Zvezda" caiməsi onu indi də çox sevir.
- Siz bu komandada Branimir Subaşiçlə də birgə oynamısız. Onun barəsində nəyi xatırlayırsınız?
- Çox yaxşı hücumçudur. Zəhmətkeçdir. Qol vəziyyətləri yaratmağı, rəqib qapısına yol tapmağı bacarır. Mənə elə gəlir ki, Prosineçkinin Subaşiç tipli hücumçuya ehtiyacı olacaq. Yəqin ki, Branimiri də diqqət mərkəzində saxlayacaq.
- Sizcə, yığmamız Prosineçkinin rəhbərliyi altında necə oynayacaq?
- Düşünmürəm ki, yığmanız Xorvatiyaya 0:6 hesabıyla uduzduğu kimi məğlubiyyətlərlə üzləşəcək. O, hücum futbolunu sevir. Xorvatiya futbolunu yaxşı bildiyinə görə, bu komanda ilə növbəti oyunda komandanızın tam fərqli oynayacağına əminəm.
