Nazim Süleymanov: Qarabağ İnterin heyəti barədə ümumiyyətlə düşünməməlidir
Azərbaycanın veteran futbolçusu Nazim Süleymanovun azerisport.az saytına müsahibəsi
- "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki son oyununda İtaliya "İnter"i ilə qarşılaşacaq. Razısız ki, bu oyun Azərbaycan futbolu tarixinin ən vacib oyunudur?
- Beynəlxalq arenada keçirilən hər bir oyun bizim üçün vacibdir. Amma bu oyunun əhəmiyyəti daha böyükdür. Çünki komandamız tarixdə ilk dəfə avrokubokların pley-off mərhələsinə yüksələ bilər. Hər şey "Qarabağ"ın öz əlindədir. Bizim bir səfər qələbəmiz var. İstərdim ki, komandamızın ev qələbəsinin də şahidi olaq. Çünki həmin qələbə Ağdam klubunu qrupdan çıxaracaq. Niyə Azərbaycan klubu da avrokubokların yazdakı oyunlarında iştirak etməsin?
- Roberto Mançini komandanın aparıcı üzvlərini İtaliyada saxlayıb və Bakıya daha çox ehtiyat qüvvəni gətirib. Bu, Qurban Qurbanovun komandasını aldatmaz ki?
- "Qarabağ" bu barədə ümumiyyətlə düşünməməlidir. Komandamızı İtaliyanın nəhəng klublarından biri ilə oyun gözləyir. Hansı ki, onlar son turun nəticəsindən asılı olmayaraq, artıq növbəti mərhələyə vəsiqəni təmin ediblər. Əksində, Mançininin ehtiyat qüvvəyə şans verməsi "Qarabağ"ın işini çətinləşdirə bilər.
- Proqnozunuz necədir?
- Fikrimcə, komandamız qələbə qazanacaq.
- Azərbaycan yığmasının yeni baş məşqçisi Roberto Mançini əksər azərbaycanlı məşqçilərlə tanış olur və onlardan hansı ilə çalışacağına aydınlıq gətirmək istəyir. Siz də həmin siyahıdasınız?
- Mən ona öz CV-mi təqdim etməmişəm. Amma onunla görüşdüyümü gizlətməyəcəm. Bir müddət əvvəl öz işlərimlə əlaqədar AFFA-ya getmişdim və bizi tanış etdilər. Aramızda görüş oldu və mən ona uğurlar arzuladım.
- Tezliklə AFFA-nın yeni yaratdığı Məşqçilər Komitəsinə də beşinci üzv seçilməlidir. Sizə təklif olunsa, qəbul edəcəksiniz?
- Orada təcrübəli mütəxəssislər toplaşıb. Mən mətbuat vasitəsilə Vaqif Sadıqovu Klublar Komitəsində aldığı vəzifə münasibətilə təbrik edirəm, ona uğurlar arzulayıram. Özümə gəlincə, oradan mənə təklif gəlməyib. Ölkəmizdə həmin komitəyə üzv olmağa başqa mütəxəssislər də var.
- Ümumiyyətlə, bu komitənin yaradılması barədə ideya ilə bağlı nə deyə bilərsiz?
- Yaxşı ideyadır. Şübhə etmirəm ki, məşqçilər komitəsi yaxşı ideyalar irəli sürəcəklər və futbolumuzun inkişafında önəmli rol oynayacaqlar.
