Roberto Mançini: Bakıya qələbə qazanmaq üçün gəlmişik
İtaliyanın "İnter" klubunun baş məşqçisi Robert Mançini Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
- "Qarabağ"ın oyununu analiz etmişik. Bura yaxşı oyun göstərmək, qələbə qazanmaq üçün gəlmişik. Düşünmürəm ki, A Seriyasındakı son oyunlarımızda fiziki hazırlığımızın pis olmasına görə uduzmuşuq. Biz hər bir oyunda qələbə qazanmaq üçün meydana çıxırıq.
- Komandanızın hücum xəttinin zəif olması ilə bağlı tənqidlərlə bağlı nə deyə bilərsiz?
- Belə tənqidləri kimin yazmasından xəbərim yoxdu. Bizim güclü hücumçularımız var. "Qarabağ"ın da həmçinin. Bakıya qollar vurmaq üçün gəlmişik.
- "İnter" Bakıya çoxlu müdafiəçi ilə gəlib. Bu, komandanızın müdafiədən oynayacağına işarədir?
- Biz buraya tam komanda olaraq gəlmişik. Hətta qapıçılarımız da var (gülür). Amma ciddi olsaq, buraya qələbə qazanmaq üçün gəlmişik.
- "Qarabağ"ı necə qiymətləndirə bilərsiniz?
- Yaxşı komandadır. Yaxşı oyun sərgiləyir. Fikrimcə, sabah maraqlı oyun olacaq.
- "Neradzurra"nın Avroliqadakı hədəfi nədən ibarətdir?
- Mərhələ adlamaqdan.
- Belə heyətlə uduzmaqdan qorxmursunuz?
- Biz bu heyəti seçmək məcburiyyətində idik. Dörd futbolçumuz zədəlidir. Qalanına isə istirahət verməyimizə ehtiyac vardı.
