Koroman: Prosineçki Saşa Stamenkoviçi Azərbaycan yığmasına cəlb edə bilər
Serbiyalı yarımmüdafiəçi Oqnen Koroman Robert Prosineçkinin Azərbaycan yığmasının baş məşqçisi təyin olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Prosineçkinin Azərbaycan yığmasının sükanı arxasına keçməsindən xəbərim var. Hesab edirəm ki, futbol federasiyanız düzgün addım atıb. Mən onunla "Srvena Zvezda"da birgə işləmişəm və bilirəm ki, o, tələbkar məşqçidir. Əminəm ki, yığmanız onun gəlişindən sonra daha da artıracaq. Ona zaman vermək lazımdı. Yarım ildən sonra hər şey qaydasına düşəcək. Prosineçki komandasının hücum etməsini xoşlayır. O, həm də yaxşı insandı. Ölkənizdə həmyerlim Saşa Stamenkoviçin oynamasından da xəbərim var. O, yaxşı qapıçıdır. Prosineçki Saşanı Azərbaycan yığmasına da cəlb edə bilər".
