Əliyev: Prosineçkidən yeniliklər gözləyirəm
Futbol üzrə Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi
- Zədənizlə bağlı vəziyyət nə yerdədir?
- O qədər də yaxşı deyil. Fərdi məşq etməli, qaçmalıyam. Hələ meydana nə vaxt dönəcəyimi bilmirəm.
- Baş məşqçi Oğuz Çətin hər açıqlamasında oyununuzdan narazılığını dilə gətirir. Sizcə, bu, nə ilə bağlıdır?
- Məşqçi razı da qala bilər, narazı da. Mən özüm hər meydana çıxdığımda maksimum güc sərf etməyə çalışmışam.
- Komanda sizin yoxluğunuzda "Qəbələ"ni 3:0 hesabıyla məğlub etdi. Gözlənilməz nəticə deyil ki?
- Qələbə qazanacağımızı bilirdim. Amma belə böyük hesabla qalib gələcəyimizi gözləmirdim. Bizim uşaqlar istəkli oynadılar, rəqib isə sanki ilk qoldan sonra dayandı. Əsas odur ki, qollar vurduq, qalib gəldik. Qələbəyə inam olandan sonra bizi heç kim dayandıra bilməz. Xal itirməyə haqqımız yox idi. Bu qələbə sonrakı turlarda da bizə kömək edəcək.
- Qarşıda "Bakı" ilə oyun var...
- İlk dövrədə onlara 4:0 hesabıyla qalib gəlmişdik. Amma bu, heç kimi aldatmamalıdı. "Bakı" öz meydanında daha yaxşı oynayır. Həm də onlar bu yaxınlarda "Sumqayıt"ı kubokdan kənarlaşdırıblar.
- "Xəzər Lənkəran" liderlərdən çox geri qalıb. Klub rəhbərliyi nəticədən narazılığını bildirir?
- Razıyam ki, biz indi heç də yaxşı mövqedə deyilik. Əsas problemimiz çoxlu səhvlərə yol verməyimizdi. Mən ad çəkməyi xoşlamıram. Amma müdafiə xəttimizin buraxdığı səhvlərdən bezmişəm.
- Millinin yeni baş məşqçisi - Robert Prosineçki barədə nə deyə bilərsiniz?
- Bilirəm ki, Türkiyənin "Kayserispor" klubuna çalışıb. Ondan yeniliklər gözləyirəm. Çünki hər bir baş məşqçi getdiyi komandaya yeni nələrisə gətirir. Ümid edirəm ki, yeni baş məşqçi ilə uğurlar qazana biləcəyik.
