Ramil Şeydayev: Azərbaycan yığmasından imtina etməyimə səbəb legioner limiti deyil
Rusiyanın "Zenit" klubunun hücumçusu Ramil Şeydayev bəyan edib ki, onun Azərbaycan yığmasından imtina etməsinə səbəb orada legioner statusu daşıyacağı ehtimalı deyil. Azeisport.az xəbər verir ki, o, son turda "Krasnodar" üzərində qazandıqları 4:0 hesablı qələbədən sonra bunları söyləyib:
"Azərbaycan tərəfi ilə danışıqlarımız olmuşdu. Amma mən bu ölkənin yığmasında oynamağa razılıq verməmişəm. Bu, heç də Rusiyada legioner statusu daşımaq qorxusundan irəli gəlmir. Bunun başqa səbəbləri də var".
"Krasnodar"la oyunda Şeydayev 82-ci dəqiqədə Anatoli Timoşukun əvəzində meydana çıxıb. Halbuki, Ramil həmin gün bu komandaların əvəzedici heyətləri arasındakı oyunun da (2:0) ilk hissəsində meydanda olubmuş: "Yorğunluq hiss etmədim. Həm əsas, həm də əvəzedici komandada tam oyunu oynamağa hazıram. "Zenit"in Çempionlar Liqası çərçivəsində "Monako"ya qarşı oyununun iştirak ərizəsinə düşməyi çox istərdim".
