Əfran İsmayılov: Klubun məni böyük məbləğdə cərimə edəcəyini düşünmürəm
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi
- Deyilənə görə, sizi "Neftçi" ilə oyunda qırmızı vərəqə aldığınıza görə, böyük məbləğdə cərimə ediblər. Bu, doğrudur?
- Bu barədə hələ söhbət olmayıb. Düzdü, baş məşqçi cərimə olacağını demişdi. Buna haqqı da var. Amma cərimənin böyük məbləğdə olacağını düşünmürəm. "Xəzər Lənkəran"da heç vaxt elə şey olmayıb. İndi bütün diqqətimiz çempionata yönəlib. Bizi "Qəbələ" ilə vacib oyun gözləyir.
- Baş məşqçi ilə söhbət etmisiz?
- Xeyr. Dediyim kimi, indi bütün fikrimiz çempionat oyunundadı.
- Bəlkə, sizi bağışlayıblar?
- Bilmirəm. Dediyim kimi, mənə bu barədə heç nə deyilməyib.
- "Qəbələ" ilə oyundan nə gözləyirsiz?
- Çətin olacaq. Qələbə qazanmağa borcluyuq. "Neftçi" ilə son oyunun axırıncı saniyələrində qol buraxdıq. İndi üç xal həm bizə, həm də "Qəbələ"yə lazımdı.
- Rəqibinizi yenə Bakıda qəbul etməli olacaqsız...
- Bəli, təəssüf ki, yenə Lənkəranda oynaya bilməyəcəyik. Amma azarkeşlərimiz Bakıdakı oyunda da bizi yalnız buraxmırlar. Qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik.
- Yığmamızın Robert Prosineçkiyə tapşırılmasını necə qarşıladınız?
- Onu təbrik edirəm. Uğurlar arzulayıram. İndidən onun yığmaya nə kimi fayda gətirəcəyini demək çətindi. Məşqçi kimi ciddi uğurları olmasa da, oyunçu kimi çox yaxşı olub. İnanıram ki, millimiz üçün uğurlu seçim olacaq.
- O, sizin "Neftçi"yə qarşı oyununuzu bəyəndiyini gizlətməmişdi...
- Bəli. Amma indidən nəsə demək çətindi. Millinin növbəti oyununa qədər çox şey dəyişə bilər. Yığmada oynamağı hər kəs istəyər. Amma bunun üçün daim formada olmaq lazımdı.
- "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki son turun Milan "İnter"i ilə oyunundan nə gözləyirsiz?
- Hamı "İnter"lə oyunun asan keçəcəyini deyir. Guya onlar bura ikinci heyətlə gələcəklər. Amma belə komandaların əvəzedici heyətindəki futbolçular özlərini baş məşqçiyə göstərmək üçün daha yaxşı oynamağa çalışırlar. Buna görə də "Qarabağ"a çətin olacaq. Mən komandamızın qələbə qazanması üçün dua edəcəm. Onlar pley-off mərhələsinə çıxmağa layiqdilər.
