Vladislav Qədirov: Robert Prosineçki müdafiəni unutmamaq şərtilə hücuma diqqət ayıracaq
Azərbaycanlı futbol mütəxəssisi, "Rəvan"ın sabiq baş məşqçisi Vladislav Qədirov xorvatiyalı Robert Prosineçkinin milli komandamızın baş məşqçisi təyin olunmasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:
"Onu futbolçu kimi tanıyırdım. Demək olar ki, yaşıdıq, eyni dövrdə oynamışıq. Futbolçu kimi ona simpatiyam var idi. Amma məşqçi kimi o qədər də yaxşı tanımıram".
Qədirovun sözlərinə görə, Prosineçkinin gənc olması mühüm əhəmiyyət daşıyır: "Əsas odu ki, o, gənc mütəxəssisdi. Ola bilər ki, xorvatiyalı yığmamıza yeni həyat, futbol fəlsəfəsi gətirsin. Hiss olunur ki, Prosineçki yeni nəsə yaratmaq arzusundadı və buna qadirdi. Ona yalnız uğurlar arzulaya bilərəm".
"Prosineçki futbolçu kimi yarımmüdafiəçi olub. Bu, belə bir mürəxəssisin məşqçi olaraq hücum futboluna üstünlük verəcəyindən xəbər verir. Xalq, azarkeş oyunlara qollar, maraqlı hücumlar, kombinasiyalar, fintlər görməyə gəlir. Əlbəttə, o, müdafiəni də unutmayacaq, amma əsas üstünlük hücuma veriləcək".
Qədirov sonda AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçə məğlubiyyəti də şərh edib: "Norveçlilərlə oyun qətiyyən xoşuma gəlmədi. Berti Foqts haqda çox danışılırdı, amma o, oyunçuları nəyəsə məcbur edə bilirdi. Məsələn, Norveçlə oyunun son 10 dəqiqəsində Mahir Şükürov meydanın özümüzə aid hissəsində topu itirir, hücuma gedir. Amma Foqtsun dövründə o, özünü elə apara bilməzdi. Foqts gedəndən, milli yerli məşqçiyə tapşırılandan sonra açıqlama verirdilər ki, biz özümüzü göstərəcəyik, əsas günahın alman mütəxəssisdə olduğunu göstərəcəyik, Norveçə qalib gələcəyik. Amma əvəzində nə gördük?"
