Tino Peres: İndi görülən işlər Azərbaycan futzalının gələcəyi üçündü
Futzal üzrə Azərbaycan yığmasının və "Araz"ın baş məşqçisi Tino Peresin azerisport.az saytına müsahibəsi
- Daşkənddəki kubok futzal yığmamızın Qazaxıstana 1:4 hesablı məğlubiyyəti ilə başa çatdı. Niyə elə alındı?
- Həmin oyunda qol vəziyyətlərindən yaxşı yararlana bilmədik. Həm də ilk oyun həmişə çətin olur. Rəqib də güclü idi. Bizdə isə yeni komandadı və tədricən sürət yığırıq.
- Amma Belarus və Özbəkistanla oyunlarda qələbə qazandınız. Nəticədən razı qaldınız?
- Görülən işdən razıyam. Biz iki yaxşı oyun keçirdik. Elə Qazaxıstanla oyunun da ilk hissəsində yaxşı çıxış etmişdik. Amma Özbəkistanla qarşılaşmada komandamız ən yaxşı oyununu sərgilədi.
- Komanda beşinci meydan oyunçusu ilə oynayanda çoxlu qol buraxır. Bunun səbəbi nədir?
- Təəssüf ki, belə bir problemimiz var. Amma hələ bu suala cavab verə bilmərəm.
- Joze Alesionun dövründə bu taktika daha çox faydalı alınırdı...
- Mənə qədər nə olduğunu bilmirəm. Biz yaxşı kombinasiyalar təşkil edirik, sadəcə, onları qola çevirə bilmirik. Bu, problemdi. Bunun üçün xüsusi oyunçular lazımdı. Bizdə isə yaxşı bombardir yoxdu. İşləməliyik.
- "Araz"ın UEFA Kubokundakı fiaskosuna səbəb nə oldu?
- Elə həmin turnirdə də qol vəziyyətlərindən yaxşı yararlana bilməməyimiz təsirini göstərdi. Çoxlu qol vəziyyətləri yaradırdıq. Ola bilər oyunçularda soyuqqanlılıq çatışmırdı. Təcrübə çatışmazlığı da ola bilər. Fakt budu ki, qol vəziyyətlərini sağa-sola xərcləyirdik. Bundan sonra da işləməyə davam etməliyik.
- "Xrudim"ə 0:6 hesablı məğlubiyyəti nə ilə izah edərdiz?
- Zədəli futbolçularımız vardı. Onlarla risk etmək istəmədim.
- "Araz"da legionerlər olacaq?
- Hələ bilmirəm. Yəqin ki, yox. Mən şadam ki, gənclərlə işləmək imkanımız var. Əlbəttə, çətindi. Amma indi görülən bütün işlər Azərbaycan futzalının gələcəyi üçündü.
