Vaqif Sadıqov: Hər məşqçi üzərində nəzarət hiss etməlidi ki, işinə məsuliyyətlə yanaşsın
AFFA-nın yeni yaratdığı Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun azerisport.az saytına müsahibəsi
- Bu komitəyə niyə məhz siz rəhbər seçilmisiz?
- Bu, sizə maraqlıdısa, sualı mənə ünvanlamalı deyilsiz. Bu barədə AFFA İcraiyyə Komitəsinin iclasından sonra açıqlama verilib. Biz isə məşqçilərlə belə qərara gəlmişik ki, aramızda fərq qoyulmayacaq. Birgə işləməli olacağıq.
- İstənilən halda əsas məsuliyyət sizin üzərinizdə olacaq...
- Elədir. Bu, fəxri işdi və bununla qürur duyuram. Bu işə məsuliyyətsiz yanaşsaq, bizdə heç nə alınmaz.
- Məşqçilər Komitəsinin üzvlərindən hansısa klubda və ya yığmada çalışmaq təklifi alsa, avtomatik olaraq üzvlükdən çıxarılacaq. Belə çıxır ki, komitə üzvləri özlərinə klublarda və ya yığmalarda yeni iş yeri tapmaq haqda düşünməyəcəklər də?
- Bizə öncədən də dedilər ki, seçim imkanımız var. İndiki halda yalnız özüm haqda danışa bilərəm. Mən təkliflərə baxacam və hansının mənim üçün daha yaxşı olduğuna qərar verəcəm. Ən əsası odu ki, indi hamımız futboldayıq və ölkə futbolunun inkişafı üçün çalışırıq.
- İşinizin nədən ibarət olacağını bilirsiz?
- Sabah AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcəyik. Orada bütün məsələlər müzakirə olunacaq və hədəflər, tapşırıqlar müəyyənləşəcək. Bir şey aydındı ki, biz Azərbaycan futbolunun inkişafına yardımçı olmalıyıq. Komitəyə Azərbaycanın əksər klublarında və yığmalarında çalışmış təcrübəli məşqçilər daxil olunub. Əsas hədəfimiz AFFA-nın bütün layihələrinə nəzarət etmək olacaq. Həm yığmalarda, həm də klublarda futbolla məşğul olan hər kəsin üzərlərində nəzarət olduğunu bilməsi onlara əlavə impuls verəcək.
- Yığma komandanın uğursuz çıxışı zamanı komitə üzvləri baş məşqçi Robert Prosineçkini tənqid edəcəkmi və edəcəksə, nə dərəcədə obyektiv olacaq?
- Obyektivlik həmişə lazımdı və vacibdi. Biz həm də elə etməliyik ki, Prosineçki özünü tək hiss etməsin. Əgər uğursuzluq olacaqsa, bunun bütün günahı xorvatiyalı mütəxəssisdə olmayacaq ki. Mən həmişə demişəm ki, Azərbaycan yığmasının uğursuzluğunun hər birimizin uğursuzluğu olduğunu nə vaxt anlasaq, o zaman problemi yoluna qoymağı bacaracağıq.
- Bəs siz Prosineçki ilə necə çalışacaqsız? Çünki o, sizin hər addımınızı özünə qarşı təzyiq saya bilər?
- Hər bir yaxşı insan öz yanında yaxşı məsləhətçi olmasını istər. Biz heç kimə mane olmayacağıq. Bizim hədəfimiz kömək etməkdi. Bizim komitənin faydası mütləq olacaq. Hər bir məşqçi üzərində nəzarət hiss etməlidi ki, öz işinə məsuliyyətlə yanaşsın.
- Tutaq ki, Prosineçki də Berti Foqts kimi 1-2 yaxşı oyunçunu milliyə çağırmayacaq. Siz buna qarışacaqsız?
- İstənilən halda biz bunu normal qaydada müzakirə edəcəyik. Tezliklə Prosineçki ilə də görüşümüz olacaq və ondan sonra müxtəlif yaş qruplarından ibarət komandalarla işə başlayacağıq. Millinin hər bir məşqçisinə öz hədəflərimizi başa salacağıq. Yalnız qarşılıqlı söhbətlər aparmaqla düzgün çıxış yolu tapa bilərik.
- Gənclərdən ibarət yığmamızın baş məşqçi postuna kiminsə namizədliyini irəli sürməyi planlaşdırırsız?
- Bütün bu məsələləri sabah AFFA-nın baş katibi ilə görüşdə müzakirə edəcəyik. Biz seçimlər zamanı kənarda qalmamalıyıq.
